Dövlət başçımızın düşünülmüş, uzaqgörən siyasəti nəticəsində elektrik stansiyalarının müxtəlif bölgələrdə inşa edilməsi enerjisistemin səmərəlilik göstəricilərini yüksəltməklə yanaşı, həmin bölgələrin sosial-iqtisadi inkişafına da güclü təsir göstərib. Mövcud istehsal respublikamızın tələbatını tam həcmdə ödəməklə yanaşı, qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan verir.
Ölkədə istehsal edilən elektrik enerjisinin 95 faizdən artıq hissəsi istilik elektrik stansiyalarının, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür.
Hazırda alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması, yerli əhalinin məşğulluq strategiyasının həyata keçirilməsi və s. məsələlərin həlli baxımından xüsusilə aktualdır. Ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi ilk növbədə hidroenergetikanın inkişafı, o cümlədən kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir.
"...Bu gün İsmayıllıda ikinci su elektrik stansiyasının açılışını etdik. Bu iki stansiyanın istehsal etdiyi enerji İsmayıllı rayonunun tələbatının 45-50 faizini ödəyir. Bu, artıq gözəl bir göstəricidir. Tələbatın yarısı alternativ, özü də ucuz enerji hesabına təmin edilir. Mənə məlumat verildi ki, yeni su elektrik stansiyasının tikintisi də nəzərdə tutula bilər. O daha böyük həcmdədir - 10 meqavat. İndi mən demişəm ki, texniki-iqtisadi əsaslandırma hazırlansın. Əgər bu məsələ həll olunarsa, onda İsmayıllı rayonu elektrik enerjisini başqa rayonlara - Qəbələyə, Şamaxıya ötürəcək. Bu da enerji təhlükəsizliyimizi təmin edəcək. -¦
Hazırda "Azərenerji ASC tərəfindən Dövlət Başçımızın bu göstərişinə müvafiq tədbirlərin icrasına başlanmışdır. Artıq mühəndis axtarış işlərinin ilkin nəticəsinə uyğun olaraq bu su elektrik stansiyasının tikiləcəyi yer müəyyən edilmişdir. Hazırda stansiyanın texniki-iqtisadi əsaslandırılması, layihələndirmə və digər prosedurlarla bağlı işlərə start verilmişdir.
"Azərenerji ASC-nin Mətbuat xidmətindən unikal.org-a verilən xəbərə görə, ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə istifadəyə verilmiş alternativ və bərpa olunan enerji mənbələrindən biri də ümumi gücü 3,2 meqavat olan "İsmayıllı" kiçik su elektrik stansiyasıdır. Bu tipli su elektrik stansiyaları bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılması ilə yanaşı, yeni iş yerlərinin yaradılmasına da imkan verir. Eyni zamanda, yerləşdiyi rayonun enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində də özünəməxsus rolu böyükdür.
"Azərenerji ASC tərəfindən kiçik çaylarda SES-lərin tikintisi davam etdirilir. Belə ki, "Balakən-1 kiçik su elektrik stansiyaları istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir. "Astara-1 və "Oğuz su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir.
Xatırladaq ki, "İsmayıllı-1 kiçik su elektrik stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su "İsmayıllı-2 kiçik su elektrik stansiyasına daxil olur. Beləliklə, yekunda "İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edir.