Azərbaycanda banklar niyə ləğv olunur, niyə birləşir?
12:05 02-02-2016
CƏMİYYƏT
Devalvasiyadan sonra bankların özlərini pis tərəfdən göstərməsi əhali arasında onlara etimadı aşağı salıb
Ötən ilin sonunda Azərbaycanda baş vermiş devalvasiya ölkənin maliyyə sektorunda geri dönülməz dəyişikliklərə səbəb olub. Devalvasiyadan sonrakı ilk günlərdə ölkədə valyuta ajiotajı baş verib və bu prosesdə kommersiya bankları özlərini demək olar ki, yaxşı tərəfdən göstərməyib. Dollara tələbat artan zaman bankların dollar ehtiyatı yoxa çıxıb, xaricə pul köçürmələr prosesi tam və ya qismən dayandırılıb, digər bank əməliyyatlarında durğunluq yaranıb.
Ümumilikdə bank sistemində bir neçə gün ərzində yaranmış vəziyyət isteriyanı xatırladırdı. O çətin günlərdə kommersiya bankları fors-major vəziyyətlərə hazırlıqsız olduğunu əyani nümayiş etdiriblər. Elə təkcə dollar məsələsində yaranmış vəziyyət indiyə kimi sirr qalır: dollar birdən-birə banklardan yoxa çıxıb, banklar dollar satışını dayandırıb, amma paralel olaraq "qara bazarda" dolları qeyri-real məzənnə ilə istənilən həcmdə almaq mümkün olub. Heç kəsi ittiham etmək istəməzdik, amma banklardan dolların "qara bazara" axını faktdır. Valyuta ajiotajı yaranan kimi Mərkəzi Bank banklara dərhal dollar kütləsini satmağa başlayıb, hərraclar keçirib. Baxmayaraq ki, auksionlarda banklar tərəfindən irəli sürülən tələbat tam olaraq təmin edilib, banklarda dollar kütləsi bir müddət "peyda olmayıb". Bu yalnız bizim ehtimalımızdır, amma hər şey ona bənzəyir ki, devalvasiyadan sonra bankların hazırlıqsız yaxalanmaları, bəlkə qeyri-peşəkarlıq, bəlkə gizli valyuta sövdələşmələrinə getmələri Mərkəzi Bankın səbr kasasını daşdıran son nöqtə olub. Çünki... Mərkəzi Bank bu proseslərdən sonra ardıcıl olaraq bir neçə bankın lisenziyasını ləğv edib, digər banklara isə birləşmə təklif edib. Əks halda...
Devalvasiyadan sonra bankların özlərini pis tərəfdən göstərməsi əhali arasında banklara etimadı aşağı salıb. Son iki ay üzrə statistika hələlik yoxdur, amma ehtimal etmək olar ki, banklardan əmanətlərin ciddi axını baş verib. Faktiki olaraq bir neçə gün ərzində illərlə qazanılan etimad yoxa çıxıb. Çünki Azərbaycanda kommersiya banklarının likvidliyi o dərəcədə yüksək deyil ki, deponentlərin müraciətlərini birə-bir təmin edə bilsin. Bu hadisə baş versəydi, bank sistemi rəsmən çökəcəkdi. Yenə də əlimizdə faktlar yoxdur, amma əminliklə demək olar ki, bəzi banklarda bu, ya ona bənzər proses baş verib. Nəticədə, bu vaxta kimi tələblərə cavab verən banklar, o cümlədən məcmu kapital və kapitalın adekvatlığı üzrə tələblərə cavab verən banklar birdən-birə bu tələblərə daha cavab vermir. Təkcə bu il ilin əvvəlindən "Bank of Azerbaijan", "Gəncəbank", "Yunayted Kredit Bank", "NBC bank", "Qafqaz İnkişaf Bankı", "Atrabank" kimi bankların lisenziyaları ləğv edilib. Səbəb standartdır və məcmu kapitalın, kapitalın adekvatlığı üzrə tələblər cavab verməməsi, prudensial qaydaların pozulması, kreditorlar qarşısında öhdəlikllərin yetirə bilməməsi kimi bəndləri əks etdirir.
Paralel olaraq nisbətən iri banklarında da mühüm hadisələr baş verir, o cümlədən bəzilərdə növbədənkənar yığıncaqlar keçirilir və rəhbərlikdə dəyişikliklər edilir. İki bank "AG Bank" və "Dəmirbank" isə birləşmə barədə razılığa gəlib və artıq bu barədə ilkin protokol imzalanıb. Mərkəzi Bankın mövqeyi sərtdir: bankların bağlanması davam etdiriləcək, birləşmə prosesi isə stimullaşdırılacaq. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, artıq 5-7 bankın konsolidasiya prosesi getməkdədir. Ötən ilin yekunlarına həsr olunmuş tədbirdə o bir daha vurğulayıb ki, Mərkəzi Bank bank sektorunun restrukturizasiya prosesinə başlayıb, sektorun maliyyə dayanıqlığının gücləndirilməsi və risklərin idarə edilməsi tədbirlərini daha da artırıb. E. Rüstəmovun sözlərinə görə, bank nəzarəti və prudensial tənzimləmə üzrə proaktiv yanaşma nümayiş etdirməklə sektorda əlavə risklərin akkumulyasiyasına yol verilmədən, requlyativ çərçivə yeni situasiyaya adaptasiya edilib, banklara dair tələblər üzrə kontr-tsiklik rejim tətbiq edilib. Məzənnə korreksiyasının borcalanların borc yükünə təsirinin minimallaşdırılması, eləcə də bank sektorunun kredit portfelinin keyfiyyətinin qorunması məqsədilə borcalanların maliyyə yükünün azaldılmasına yönəldilmış kompleks tədbirlər görülüb. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən prudensial tələblər yumşaldılıb, kreditlərin aktiv restrukturizasiyası üzrə bankların imkanları artırılıb. Eyni zamanda bank sektorunda maliyyə dayanıqlığının qorunması və kreditləşmənin dəstəklənməsi ilə bağlı kapital tələbləri optimallaşdırılıb. Bundan əvvəl isə E. Rüstəmov bir neçə dəfə bəyan edib ki, zəif banklar bağlanacaq.
Bütün bunlar nə deməkdir? İlk növbədə o deməkdir ki, Mərkəzi Bank ölkənin bank sisteminə xələl gətirə biləcək, kreditorların qarşısında öhdəliklərini yerinə yetirə bilməyən, yüksək risklərə malik olan banklar aradan götürüləcək. Qalan nisbətən iri banklar isə birləşməlidir. Məqsəd ilk növbədə ondan ibarətdir ki, bank sistemində sayı az olsa da iri, sağlam və rəqabətli iştirakçılar qalsın. Əmin olmaq olar ki, hazırda bütün banklarının müxtəlif göstəriciləri üzrə həm konkret rəqəmlər üzrə, həm də likvidlik və ödəmə qabiliyyəti üzrə qiymətləndirmə aparılır. Qeyd edək ki, nə "AG Bank", nə də "Dəmirbank" zəif deyil, onların ikisi də bütün bank göstəriciləri üzrə ilk onluqdadır. Buna baxmayaraq, onlar konsolidasiya olunur, çünki konsolidasiya, indiki şəraitində bir neçə üstünlük verəcək, amma buna bir qədər sonra qayıdacağıq. Hazırda hansı bankın bağlana biləcəyini, hansının isə birləşəcəyini proqnozlaşdırmaq çətindir.
Dünya bank nəzəriyyəsinə əsasən, bankların konsolidasiyası əsasən iki cür olur: məcburi və ya vəziyyətin təsiri altında, ya da könüllü. İkinci halda konsolidasiyanın əsas məqsədi (əgər, əlbəttə ki, söhbət bir bankın digərinə daxil olmasından getmir, bərabər hüquqda birləşmədən gedir) bazarda mövqelərini möhkəmləndirmək, rəqabət qabiliyyətini artırmaq, bazarın daha iri payına malik olmaq və sairdir. Aydındır ki, daha iri maliyyə qurumu özünə daha iri layihələri götürə bilər, daha iri məsuliyyət, daha iri depozitlər və nəhayət, daha iri gəlir və mənfəətə sahib ola bilər. Faktiki olaraq, könüllü birləşmə rəqabət mübarizənin bir üsuludur, çünki birləşəndən sonra həmin qurum artıq əvvəlki rəqiblərindən ikiqat güclüdür və əvvəl əlçatmayan oyunçularla rəqabət apara bilir. Məcburi konsolidasiya əksər hallarda bir qurumun digəri tərəfindən alınması formasında həyata keçirilir və birincinin hər hansı formada bazarda qalması məqsədi daşıyır. Əgər həmin qurumun maliyyə vəziyyəti yaxşı deyil, öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaşanır, bu növ birləşmə bağlanmadan yaxa qurtarmaq üçün yeganə yol olur. Bizim halda, demək olar ki, birləşmələr hər hansı bir qarışıq formatda olacaq, çünki bir tərəfdən yaranan şərait iriləşməni tələb edir və gələcəkdə problemlərin yaranması heç kəs üçün istisna deyil. Digər tərəfdən isə bazarda "təmizləmə" zamanı birləşərək birdən-birə daha yüksək paya sahib olması imkanı da çox cəlbedicidir. Bəs başlanan proses maliyyə sisteminə nə verəcək?
Əvvəlcə qeyd edək ki, bankların iriləşməsi məsələsi Mərkəzi Bank tərəfindən həmişə təbliğ edilib, Azərbaycanda 45 bankın çox olduğu, hətta nisbətən iri banklarının belə kapitallaşma səviyyəsinin aşağı olduğu kimi amillər həmişə vurğulanıb. Bu fikirlər illərlə vurğulansa da, vəziyyət əvvəlki qaydada qalırdı. İri, kiçik, ortabab banklar öz fəaliyyəti ilə məşğul idi və bu heç kimi narahat etmirdi. İndi isə vəziyyət dəyişib, yeni iqtisadi şərait, yeni valyuta və monetar siyasət onu tələb edir ki, sistemdə yalnız etibarlı və dayanıqlı iştirakçılar qalsın. Subyektiv amilləri kənara qoysaq, bu, hazırda aparılan sistemin təmizlənməsi üçün yeganə səbəb və eyni zamanda məqsəddir. Eyni hüquqlu birləşmə nəticəsində yeni yaradılan qurumun aktivləri, depozit portfeli, kapitalın həcmi və digər göstəricilər iki qat və ya buna yaxın səviyyədə artacaq. Bu, bankların dayanıqlığını kəskin şəkildə artırmış olacaq. Bundan əlavə, bankın likvidliyin idarə edilməsi üzrə imkanlarını artıracaq ki, bu da öz növbəsində bankın maliyyə imkanlarını daha da çoxaldacaq. Sistem baxımından isə bu, risklərin azaldılması deməkdir, indiki şəraitdə isə əsas məqam da budur.
Çünki devalvasiya nəticəsində valyuta kreditlər üzrə problemlər yaranacaq və buna hazır olmaq lazımdır. İki bankın imkanlarını birləşdirərək, likvidliyin təmin edilməsi və problemli kreditlər sahəsində yarana biləcək zərərin təmin edilməsi daha asandır. Nəticədə, bank sistemində ciddi problemlərdən qaçmaq mümkün olacaq.
Nəhayət, daha bir vacib məqam. Əgər bank sistemində sağlamlıq təmin olunarsa, banklar öhdəliklərin yerinə yetirilməsi məsələsində çətinlik çəkməzsə, sistemdə sabitlik yaranacaq və əhalinin banklardan depozitləri çıxarması ehtimalı kəskin azalacaq. Bu baxımından demək olar ki, Mərkəzi Bankı tərəfindən bankların bağlanması, digər bankları birləşməyə "itələmək" müəyyən mənada müsbət psixoloji təsirdir. Mərkəzi Bank bununla həm də pozitiv siqnal ötürmüş olur - zəif, həyat qabiliyyəti olmayan, təhlükə yaradan və ya yarada biləcək banklar bağlanır, vəziyyət nəzarət altındadır və qalan banklara artıq tam olaraq etibar etmək olar.
Vahab Rzayev
Digər Xəbərlər
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32