Azərbaycanda icra başçılarının yuxusunu qaçıran xəbər
08:59 03-02-2016
CƏMİYYƏT
Onların postlarının ləğvinə başlanılacağı gözlənilir
Azərbaycanda yeni iqtisadi və siyasi reallıqlar ciddi kadr və struktur islahatlarını qaçılmaz edib. Novruz bayramına qədər bir sıra ciddi dəyişikliklərin şahidi olacağıq.
İddialara görə, ölkə başçısının son çıxışlarında qeyd etdiyi kimi, bir sıra nazirlik və dövlət komitələri ləğv ediləcək və ya birləşdiriləcək: "Hazırda ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatları siyahısı dəqiqləşdirilr. Siyahı çox yaxın zamanlarda prezidentə təqdim ediləcək".
Mənbənin sözlərinə görə, ən ciddi islahatlar regional idarəetmədə aparılacaq: "Rayon icra hakimiyyətlərinin təkcə başçıları yox, həm də strukturu dəyişəcək. Hazırda hazırlanan layihədə Azərbaycanın ərazi vahidlərinin dəyişdirilməsi və vilayətlərin yaradılması nəzərdə tutulur. Bu həm də regionların büdcə dotasiyalarından asılılığını aradan qaldırmaq baxımından zəruridir. Vilayətlər həm də mərkəzi hakimiyyətin yükünü azaltmaq və yerli idarəetməni gücləndirmək məqsədi güdür. Elə bir sistem qurulmalıdır ki, nazirlərin tez-tez rayonlarda qəbullar keçirtməsinə ehtiyac qalmasın".
Mənbənin sözlərinə görə, ilkin layihədə 10-a yaxın vilayətin yaradılması nəzərdə tutulur: "Ancaq bu barədə rəylər müxtəlifdir. Yəni say 10-dan yuxarı da ola bilər, aşağı da. Hələ ki, işçi qrup layihə üzərində işləyir. Layihə prezidentə təqdim edildikdən sonra son qərar veriləcək".
Xatırladaq ki, son bir ayda icra hakimiyyyətlərinin ləğvi əksər iqtisadçılar tərəfindən təklif olunur. Hələ ötən ayın əvvəllərində iqtisadçı Qubad İbadoğlu idarəetmə xərclərində çox ciddi ixtisarlar etməyin zəruri olduğunu demişdi. Ekspert təklif etmişdi ki, yerli icra hakimiyyətləri ləğv olunaraq onların səlahiyyətləri bələdiyyələrə verilsin: "Hər il yerli icra hakimiyyətlərinin saxlanılması üçün milyonlarla manat vəsait nəzərdə tutulur. Həmin xərclərin ləğv olunması büdcənin optimallaşmasına gətirib çıxara bilər".
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də icra hakimiyyətlərinin ləğv edilməsini dəstəkləmişdi. Amma ekspert hesab edir ki, bu prosesi tədricən həyata keçirmək lazımdır. Çünki indiki yerli bələdiyyələr dövlət hakimiyyətinin funksiyalarını reallaşdırmaq gücündə deyil: "Bələdiyyələr yarımdövlət xarakterinə malik olmalıdır. Bu qurumlar yerlərdə dövlətin bir çox mühüm funksiyalarını yerinə yetirirlər, eyni zamanda yerli özünüidarəetməni həyata keçirirlər. Məsələn, Fransada bələdiyyələr icra hakimiyyəti kimi fəaliyyət göstərir. Amma Azərbaycanda yanaşma fərqlidir. Birincisi, yerli icra hakimiyyətlərinin ləğv edilməsi konstitusion məsələdir. Yəni bu qurumların ləğvi üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Bütövlükdə bu addım əlavə idarəetmə xərclərinin azalmasına gətirib çıxarar və effektli idarəetmənin səmərəliyini artırar. Amma məsələ burasındadır ki, bələdiyyələr həmin funksiyaları öz üzərlərinə götürməyə hazır deyil. Yerli bələdiyyələrin səlahiyyətlərinin artırılması olduqca vacibdir. Bələdiyyələrdə yetərli kadr potensialı da yoxdur, peşəkarlıq baxımından da geri qalırlar".
Hüquqşünasın sözlərinə görə, ilkin mərhələdə ərazi icra nümayəndələrinin funksiyasını bələdiyyələrə təhvil vermək olar: "Bələdiyyələr daha genişmiqyaslı idarəetmə imkanları əldə etdikdən sonra icra hakimiyyətlərini tədricən ləğv etmək mümkündür. Amma idarəetmədə ixtisarların aparılması üçün daha faydalı üsullar da var. Hesab edirəm ki, Azərbaycanda ərazi inzibati vahidlərini dəyişdirmək lazımdır. Bəzi xarici ölkələrdə olduğu kimi bizdə də əyalətlər sistemi yaradılmalıdır. Məsələn, 5-6 rayonun birləşməsindən ibarət olan əyalətlərin formalaşdırılması daha faydalı olar. Bu, həm idarəetməni sadələşdirər, həm də maliyyə xərclərini azaldar. Hazırkı şəraitdə bu cür islahatlara başlamaq zəruridir".
"Unikal"ın araşdırmasına görə icra hakimiyyətlərinin ləğvi təklifi hələ 2012-ci ildə də gündəmə gəlib. O vaxt deputatlardan bəziləri belə, bu təklifi dəstəkləyiblər. Məsələn, Fazil Mustafa rayon icra hakimiyyətlərinin ləğvini dəstəkləyərək deyib ki, yerli idarəetmə orqanları seçkili yolla formalaşsaydı, bu halda onlar əhali ilə hesablaşmağa məcbur olardılar: "İndi icra başçılarının əksəriyyəti demək olar ki, fəaliyyətsizdir. Daha doğrusu, onlar vətəndaşların problemlərini həll etməyə maraq göstərmirlər. Başlıca səbəbi rayon rəhbərlərinin ictimaiyyət qarşısında hesabat verməməsi ilə bağlıdır. Vaxtilə Azərbaycanda bələdiyyələr yarananda təklif etdik ki, icra qurumları ləğv edilməli və onlara məxsus bütün səlahiyyətlər bələdiyyələrə verilməlidir. Bu, baş vermədiyinə görə, məmur-vətəndaş münasibətlərindəki gərginlik bu gün də hökm sürür. Həm bir millət vəkili, həm də partiya sədri olaraq hesab edirəm ki, icra hakimiyyətləri ləğv olunmalıdır. Bələdiyyələrin səlahiyyətləri artırılsa, yerli idarəetmə orqanları xalqın iradəsi ilə formalaşsa, problemlərin əksəriyyəti aradan qalxmış olar".
Bir sözlə, görünən odur ki, ictimai rəydə icra hakimiyyətlərinin ləğvi məsələsində ümumi konsensus var. İndi qalır siyasi hakimiyyətin bu məsələdə hansı mövqe sərgiləyəcəyi. İstisna deyil ki, ölkə rəhbərliyi də məlum təklifi dəstəkləsin və bununla da özlərini "kiçik padşah" kimi aparan rayon rəhbərlərinin hegemonluq dövrü tamamilə başa çatsın.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59