İcra başçısları üçün çətin mərhələ başlayır
09:00 03-02-2016
CƏMİYYƏT
Rayonlara ayrılan vəsait azalır, yaxın gələcəkdə isə tamamilə dotasiyasız rejimə keçiləcək
Dövlət büdcəsindən rayon və şəhərlər üçün ayrılan maliyyənin məbləğində ciddi azalmalar olacaq. Yaxın gələcəkdə isə tamamilə dotasiyasız işləmək üçün təsirli tədbirlərin görülməsi üçün tədbirlərə start verilib. Təbiidir ki, bu şəraitdə icra başçılarından iqtisadi bilik və bacarıq, yerli potensialı bilmək, ondan maksimum yararlanmaq keyfiyyətləri tələb edir. Bütün bunların öhdəsindən gələ bilməyən, əvvəlki kimi mərkəzi büdcədən ayırmalar gözləyən icra başçılarının isə vəzifələrini itirəcəkləri şübhəsizdir.
Görünən odur ki, hökumət artıq bu istiqamətdə ciddi hərəkətlənməyə başlayıb. Hər halda iki gün öncə Vergilər naziri Fazil Məmmədovun Şəmkir şəhərində rayon ictimaiyyəti ilə görüşündə verdiyi açıqlamalar da belə düşünməyə əsas verir.
Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalılarının iştirak etdiyü həmin görüşdə çıxış edən nazir Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, Azərbaycan prezidenti İlham Əliyevin ölkənin büdcə gəlirlərinin neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlər və atdığı qətiyyətli addımlar nəticəsində bütün dünyanı bürümüş qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılmasına nail olunduğunu vurğulayıb.
F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi situasiyadan zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iqtisadi şəraitdə iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.
Fazil Məmmədov ölkə Prezidenti tərəfindən qarşıdakı dövr üçün müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildə iqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafı prioritet olacaqdır. Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.
F.Məmmədov bildirib ki, yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atılır. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə vergi qanunvericiliyinə ciddi dəyişikliklər edilərək onlara bir sıra vergi güzəştləri verilib, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı azaldılıb, sahibkarlıq subyektlərində yoxlamaların əksəriyyəti dayandırılıb, ölkəmizdə investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə ölkə başçısı tərəfindən yeni qanunvericlik sənədləri təsdiq edilib. O, qeyd edib ki, sahibkarlar da bu dəstəkdən faydalanaraq, məhsul istehsalının artırılmasına nail olmalıdırlar.
Nazir yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesinin inkişaf etditilməsinin vacibliyini diqqətə çatdıran nazir Şəmkir rayonu ərazisində də belə bir sənaye zonasının yaradılması imkanlarının nəzərdən keçirilməli olduğunu vurğulayıb.
Ölkə başçısının dövlət büdcəsindən dotasiya alan rayonların sayının azaldılması ilə bağlı dediklərinə toxunan nazir Şəmkir rayonunun da bu istiqamətdə ciddi addımlar atmasını vacib hesab edib. O vurğulayıb ki, bu münbit torpağı, suvarma üçün suyu, zəhmətkeş insanları, bacarıqlı sahibkarları olan Şəmkir rayonu üçün kifayət qədər real bir vəzifədir və dövlət büdcəsindən rayona ayrılan vəsaitin məbləğini azaltmaq, gələcəkdə isə, tamamilə dotasiyasız işləmək üçün təsirli tədbirlər görülməlidir.
Bütün bunlar isə icra başçıları üçün əsl sınaq dövrünün yetişdiyini düşünmək üçün əsaslar yaradır. Bu sınaqdan üzüağ çıxmayanların isə vəzifələrini itirəcəkləri şübhəsizdir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00