Azərbaycanda "Türkmənçay" nişanəsi
09:03 03-02-2016
CƏMİYYƏT
Tikildiyi vaxtdan cəmi bir dəfə təmir olunan Göytəpə kilsəsinin əsaslı bərpaya ehtiyacı var
Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən pravoslav kilsəsinin tarixi XIX əsrin ortalarına gedib çıxır. Yerli tarixçi Ənvər Əliyevin Lent.az-a verdiyi məlumata görə, Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadəti üçün darısqal olduğundan cənub bölgəsində analoqu olmayan bu kilsənin inşa edilməsi qərara alınıb: "Kilsənin Azərbaycan ərazisində təşəkkül tapması ikinci Rusiya-İran müharibəsi ilə əlaqədardır. 1826-1828-ci illərdəki müharibədə İran ruslara müqavimət göstərə bilməyərək məğlub olur, nəticədə isə rus qoşunları bu əraziləri ələ keçirirlər. İranla bağlanmış Türkmənçay müqaviləsinin əsas şərtlərindən biri də rusların işğal etdikləri ərazidə məskən salmaq imkanları qazanmaları idi".
Tarixçinin dediyinə görə, 1829-cu ildən başlayaraq ruslar Azərbaycanda birinci olaraq Cəlilabad ərazisində məskunlaşmağa başlayıblar: "Onlara "azad gəlmələr" adı verilmişdi. Çünki dövlət xəzinəsinə pul köçürmək yolu ilə azadlıq əldə etmişdilər və istədikləri yerdə yaşaya bilərdilər. Cəlilabadın Privolni kəndinin də adını rus dilində "azad gəlmələr" mənasını verir".
Ənvər müəllimin sözlərinə görə, tikintisinə 1848-ci ildə başlanan kilsə düz 4 ildən sonra -1852-ci ildə istifadəyə verilib. Amma tikilinin çöl divarında asılmış lövhədə onun 1878-ci ilə istifadəyə verilməsi göstərilib. Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Məhz elə buna görə kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır: "Diqqəti cəlb edən daha bir maraqlı xüsusiyyət ondadır ki, kilsənin çöl divarları hər tərəfdən özündə xaç şəklini əks etdirir. Üç tərəfdə də qapı yerləri var, onlar da xaç şəklində qurulub. Hətta içəridə şam yandırılan yerlər də xaç şəklini xatırladır. Ruslar bununla xristian olmalarını və məbədin isə xristian inanclı insanlara xidmət etdiyini sübuta yetirmək istəyiblər".
Qeyd edək ki, ötən əsrin 30-cu illərində Sovet İttifaqı Kommunist Partiyasının ateizim ideologiyası bir sıra dini abidələrlə yanaşı, Göytəpə şəhərindəki kilsənin də üzərindən qara yellərin əsməsinə səbəb olub. İnsanlara öz dini mərasimlərini yerinə yetirmək qadağan edildiyindən, bu əzəmətli memarlıq abidəsinin qapıları birmənalı şəkildə onların üzünə bağlanıb.
1990-cı illərin əvvəllərində Cəlilabad rayonunda yaşayan rusların əksər hissəsinin öz qədim dədə-baba torpaqlarına köçməsi və Göytəpədəki kilsənin dindarlar tərəfindən istifadə olunmaması səbəbindən bu tarixi abidə Turizm və Mədəniyyət Nazirliyinin sərəncamına verilib.
Yerli əhəmiyyətli abidə kimi 4177 saylı inventarla rəsmi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində hazırda Göytəpə şəhər kitabxanası yerləşdirilib. Təqdirəlayiq haldır ki, mədəniyyət işçiləri tərəfindən bu tarixi abidə daim nəzarətdə olmaqla göz bəbəyi kimi qorunur.
Bununla belə, tikildiyi vaxtdan cəmi bir dəfə cari təmir olunan Göytəpə kilsəsinin bu gün əsaslı bərpaya ehtiyacı var.
Ağəddin Babayev
Digər Xəbərlər
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32