Heydər Əliyev Fondu valideyn
himayəsindən məhrum uşaqları sevindirir
Fond tərəfindən sosial qayğıya ehtiyacı olan uşaqlar üçün "Şahdağ" Turizm Mərkəzində istirahət turu təşkil edilib
Heydər Əliyev Fondu sosial qayğıya ehtiyacı olan uşaqlara yardım və əstək kampaniyasını davam etdirir. Belə ki, bu günlərdə valideyn himayəsindən məhrum uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Şahdağ" Turizm Mərkəzində istirahəti təşkil edilib. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlara, onların sağlam, savadlı, vətənpərvər böyüməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Fond uşaq evləri, internat məktəbi sakinlərinin istirahətini də ən yüksək səviyyədə təşkil etməklə onların mənalı və eyni zamanda maraqlı əylənmələri üçün bütün lazımi tədbirləri görür. Yeni ildə Heydər Əliyev Fondu bu uşaqlara daha bir sürpriz etdi.
Müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtımızdan onlar üçün ayrılmış xüsusi avtobuslarla yola düşdülər. İstiqamət isə ölkəmizin ən gözəl məkanlarından biri sayılan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən "Şahdağ" Turizm Kompleksi oldu. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin etdi.
"Şahdağ" Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı proqram hazırlanmışdı. İkigünlük səyahət zamanı onlar kompleksin "Pik Palace Şahdağ" otelində yerləşdilər. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr gözləyirdi. "Şahdağ" Turizm Kompleksinin uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında balaca qonaqlar qarda gəzdilər, yamaclarda tübinq gəzintilərində iştirak etdilər.
Havanın dumanlı olmasına baxmayaraq, uşaqların sevinci hədsiz idi. Onlar qarda həvəslə sürüşür, qartopu oynayır, şən səs-küyləri, isti nəfəsləri ilə bu məkanı daha da canlandırırdılar. Axşam düşəndə isə uşaqlar otelin geniş işıqlı salonunda nağıl qəhrəmanları Spaydermen, Ağbəniz, Minyon ilə birgə əylənir, şeirlər söyləyir, mahnılar oxuyur, rəqs edirdilər. Qız və oğlan komandalarının yarışları, moda müsabiqələri, oğlanların güc yarışları tədbiri daha da maraqlı və yaddaqalan edən məqamlardan oldu.
Növbəti gün səhər tezdən durmuş uşaqları yenə də dağ yamaclarında maraqlı oyunlar gözləyirdi. Gecədən yağan qarın səhər güclənməsi balacaların sevincini daha da artırdı. Qartopu oynayan, xizəklə sürüşən uşaqların səs-küyü hər tərəfə yayılırdı. Nahar süfrəsi arxası isə fidanları onların sevimli nağıl qəhrəmanları və klounlar səbirsizliklə gözləyirdi. Şən melodiyalar, rəqslər, oyunlar, uşaqların sevinc dolu alqışları tədbirə əsl bayram əhval-ruhiyyəsi gətirdi.
Uşaq evlərinin sakinləri üçün "Şahdağ" Turizm Mərkəzində təşkil olunan maraqlı istirahət Fondun növbəti humanitar aksiyası kimi yaddaşlara yazıldı.
Heydər Əliyev Fondu 2004-cü ildən "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublikada 30-dan çox uşaq evi və internat məktəbinin yenidənqurma və əsaslı təmirini həyata keçirib, ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitini əvəz edən yaşayış və məişət şəraiti yaradıb. Bu müəssisələrdə təhsilin səviyyəsini yüksəltmək, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Fond davamlı olaraq layihələr həyata keçirir. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" fikrini dəfələrlə vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, müvafiq proqram çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinəti olan ali dəyərlərdəndir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla reallaşdıran Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.
Böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən məkanda unudulmaz günlər yaşatdı. Fondun ölkəmizin ən gözəl turizm mərkəzlərindən biri olan "Şahdağ"da təşkil etdiyi bu tədbir məhz belə xeyirxah missiyanın davamı oldu.
Heydər Əliyev Fonunun humanist adımları bununla bitmir. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Almaniyada təcili əməliyyata ehtiyacı olan Zaur Rəşidovun müalicəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb. 30 yaşlı Zaura "osteoblastoma" diaqnozu qoyulub. O, 2006-cı ildən 5 əməliyyat keçirib, lakin xəstəlikdən xilas ola bilməyib. Zaurun müalicəsi və tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyacı var. Bu əməliyyat isə Almaniyada həyata keçirilə bilər. Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup da yaradılmışdı.
Ötən ilin sonunda, ekabrın 30-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Heydər Əliyev Fondunun təşkil etdiyi şənlik xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən "Buta" sarayında keçirilib. Bu il də balacaları sevindirmək üçün "Buta" sarayında nağıllar aləmindəki kimi ab-hava yaradılıb. Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər, Azərbaycanda fəaliyyət göstərən yerli uşaq təşkilatlarının kollektivləri üçün şənlik təşkil edilir. Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşıblar. Mehriban Əliyeva uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib. Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış ediblər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl hisslər doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.
Xüsusi qeyd etmək lazımdır ki, Mehriban Əliyeva hər dəfə bayram şənliyində çıxış edərək uşaqlara qayğı və diqqətin önəmli olduğunu vurğulayıb: "Biz il ərzində müxtəlif tədbirlərdə, bayramlarda, şənliklərdə bir yerdə olmuşuq. 2015-ci il ölkəmizin tarixində yeni nailiyyətlərlə, yeni qələbələrlə qalacaq. Mən sizi yaxşı oxumağa, təhsil almağa çağırıram. Mən bu sözləri hər il deyirəm, bu, artıq aydındır ki, Azərbaycanın gələcəyi sizin əlinizdə olacaq. Ona görə, bu gün gözəl təhsil almaq, savadlı olmaq, bilikli olmaq sizin ən vacib, ən böyük vəzifənizdir. Bilirəm ki, bugünkü uşaqlar daha çox kompyuterə maraq göstərirlər və bu da çox gözəldir. İnternet vasitəsilə siz bütün informasiyanı əldə edirsiniz. Amma bu gün üzümü sizə tutub xahiş edirəm ki, kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompyuter kitabı əvəz edə bilməz. Ona görə, nə qədər mümkündürsə çox kitab oxuyun, tanış olun. Siz özünüz üçün tamamilə yeni bir aləm aşkar edəcəksiniz. Əlbəttə, mən sizə ilk növbədə cansağlığı arzulayıram. Mən istəyirəm ki, siz sağlam, savadlı, təhsilli böyüyəsiniz. Öz valideynlərinizi, müəllimlərinizi, bizim hamımızı, böyükləri yalnız və yalnız şad edəsiniz. Biz 2015-ci ilə birgə əlvida deyirik, 2016-cı ili qarşılayırıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün yeni uğurlar, yeni nailiyyətlər gətirəcək. Bu gün ölkəmiz yeni çağırışlarla üzləşir. Hər zaman olduğu kimi, Azərbaycan xalqının müdrikliyi, birliyi bizə bütün çətinliklərin öhdəsindən gəlməyə imkan yaradacaq".
Göründüyü kimi, Heyər Əliyev Fondu uşaqlara, xüsusən də ehtiyacı olan, sosial qayğıdan məhrum olan uşaqları hər zaman diqqət mərkəzinə saxlayır. Keçirilən sosial yönümlü təbirlər də buna əyani sübutdur.
Digər Xəbərlər
2024-12-25 16:51:44
2024-12-25 15:53:00
2024-12-25 15:06:43
2024-12-25 13:28:10
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08