Bakı dünyanın 50 ən bahalı şəhərindən biridir
12:49 13-06-2012
İQTİSADİYYAT
Bakı dünyanın 50 ən bahalı şəhərindən biridir
Azərbaycan paytaxtı dünyanın ən bahalı şəhərləri siyahısında 2011-ci ilə nisbətən 1 pillə geriləyərək 49-cu yeri tutub.
Dünyanın 214 şəhərini əhatə edən bu siyahı "Mercer" beynəlxalq konsaltinq və investisiya şirkəti tərəfindən hər il tərtib edilir.
Şəhərlərin siyahısı 200-dən artıq mal və xidmətlərin qiymətləri əsasında tərtib olunur. Bu ilki siyahıya Yaponiyanın paytaxtı Tokio şəhəri başçılıq edir. Bu şəhərdən başqa ilk beşlikdə Anqolanın paytaxtı Luanda, Tokionun Osaka şəhəri, Rusiya paytaxtı Moskva və İsveçrənin Cenevrə şəhərləri yer alıb.
Evlərin alqı-satqısı üzrə ekspert İlham Bağırovun sözlərinə görə, "Həqiqətən də, hazırda Bakı dünyanın ən bahalı şəhərlərindən biridir. Öz sahəm üzrə onu deyə bilərəm ki, son on ildə Bakıda evlərin qiymətlərinin azalması müşahidə olunmayıb. Əksinə, bu göstəricilər ilbəil yüksələn xətlə yuxarı qalxmaqdadır. Fikrimcə, bu daha çox onunla bağlıdır ki, dövlət müstəqilliyi qazanılandan sonra ölkənin paytaxtında çoxmərtəbəli binaların tikilməsi daha çox şəhərin mərkəz hissələrinə düşüb. Bu da köhnə binaların sökülməsi ilə müşayiət olunur. Onu da qeyd etməliyəm ki, sökülən köhnə evlərin sakinlərinə həm də yaxşı kompensasiya ödənilir. Bu tendensiyanı daha çox dövlətin layihələşdirdiyi tikinti və abadlaşdırma ərazilərindəki köhnə binalara aid etmək olar. Yəni dövlət sökülən binalara görə yaxşı pul ödəyir".
Ekspertin fikrincə, "Bütün bu müsbət tendendsiyalara baxmayaraq Bakıda şəhərsalmanın prinsiplərinə düzgün əməl edilmir. Yeni çoxmərtəbəli binalar şəhərin mərkəz hissələrində deyil, şəhərdən kənarda yerləşən boş torpaqlarda salınsaydı, fikrimcə, daha yaxşı olardı. Belə olan halda həm mənzilərin qiyməti qalxmazdı, həm də şəhərin mərkəzində tez-tez qeydə alınan avtomobil tıxacları və bahalıq olmazdı. Buna görə də, Bakı şəhərinin mərkəzində yaşamaq xoş deyil."
Ekspert onu da vurğulayır ki, "Yuxarıda sadaladığım səbəblər üzündən Bakıdakı mənzillərin və villaların qiymətləri, deyək ki, misal üçün, Türkiyədəki qiymətlərdən xeyli yüksəkdir. Tikinti və material dəyəri təxminən eyni cür olan villalar Bakıda Türkiyədəkindən iki-üç dəfə bahadır və sözün düzü, buna ağıllı bir izahat vermək çox çətindir".
Azada İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, "Bakı şəhərində yaşamaq bahalaşıb" ifadəsi dəqiq deyil, bu şəhərdə yaşamaq aydan-aya böyük bir məşəqqətə çevilməkdədir. Çünki bu şəhərin bazar təsərrüfatı və biznes sahəsi nəzarətdən tamamilə çıxıb və bunların cilovunu yığmaq heç kimin marağında deyil. Böyük pullar olan yerdə niyə də bu eybəcər meyllərin qarşısı alınsın?"
Eyyub Hüseynovun fikrincə, Bakı şəhərində qiymətlərin yüksək olmasının bir neçə səbəbi var: "Birinci səbəb ondan ibarətdir ki, paytaxtda pulun bərəkəti qalmayıb. Çünki mağaza və bazarlarda satılan mallar keyfiyyətcə çox aşağıdır. İstehlakçı məcburdur ki, bu çatışmazlığı cibinin hesabına balanslaşdırsın, yəni malı tez-tez alsın".
Ekspertin sözlərinə görə, Bakı şəhərində bahalığın ikinci səbəbi "bazarlarda oturan satıcılara, alverçilərə nəzarətin lazımi səviyyədə olmaması ilə bağlıdır. Məsələn, mağaza və bazarlardakı tərəzilərə heç bir dövlət qurumu nəzarət etmir. Azərbaycanda hamı bilir ki, bu tərəzilərin çəkmə mexanizmində saxtakarlıq var. Yəni bu tərəzilər 800-850 qr-lıq malı alıcıya 1 kq kimi sırıyır. Satıcılar tərəzinin gözünə müxtəlif əşyalar yerləşdirməklə belə fırıldağa əl atırlar".
Bakı şəhərindəki bahalığın üçüncü səbəbi kimi Eyyub Hüseynov otellərin tikintisində və xidmət qaydasında başlı-başınaçılığın olmasını göstərir: "Bir də görürsən ki, hansısa otel üç və ya beşulduzlu kimi təqdim edilir. Soruşan yoxdur ki, sizə bu ulduzları kim təqdim edib, hansı standartlar əsasında özünüzü flanulduzlu kimi təqdim edirsiniz? Mənim bildiyimə görə, dövlət orqanlarından heç biri bu işlə, yəni otellərin "ulduzlaşdırılması" ilə məşğul olmur".
Eyyub Hüseynov hesab dir ki, "Bakı şəhərində tibbi xidmət və dərmanların qiymətləri də çox bahadır və bu sahədə tam bir hərc-mərclik hökm sürür. Çox təəsüsüfləndirici bir haldır ki, bu eybəcərliyin təbliğində yerli telekanallar böyük canfəşanlıq göstərir. Bakı şəhərində xəstələnmək ailə üçün böyük müsibətə çevrilir. Həkimə və onun yazdığı dava-dərmana o qədər xərc çəkilir ki, adamın başını tutub qaçmağı gəlir bu şəhərdən. Mən bu yaxınlarda Fransada olmuşam. Maraq üçün Parisin apteklərinə girdim. Bu apteklərdə az-az hallarda alıcı görərsən. Dərmanların qiymətləri də Bakıdakından ucuz. Deyəsən, bizdə Avropaya inteqrasiya olunmağı ümumiyyətlə düzgün başa düşmürlər. Gedin görün, Avropada qiymətlər necədir, sonra gəlin bu xalqa siyasi nağıllar danışın. Nyu-Yorkda üç nəfərlik ailənin bir aylıq xərci min dollardır. Amma Bakıda üç nəfər min dollarla bir ay ötüşə bilmir. Bu fakta başqa bir izahat lazımdırmı?"
Ekspert deyir ki, "Bakı şəhərində bahalaşmanın başlıca səbəbi ondan ibarətdir ki, dövlət istehlakçının maraqlarını qorumaqda maraqlı deyil. Dövlətin maraqları ancaq biznesin mənafeyini qorumağa yönəlib. Azərbaycan cəmiyyəti və o cümlədən Bakı şəhəri bu vəhşi biznesin girovuna çevrilib. Təcili şəkildə bunun qabağı alınmasa, daha ciddi fəsadların şahidi olacağıq".
Savalan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00