Meksikada bir qrup quldur Verakrus ştatında yerləşən "Laquna verde" atom elektrik stansiyası yaxınlığındakı iki kiçik şəhərin sakinlərini soymaq istəyib.
Unikal-org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən gecə baş verib.
Ştatın İctimai Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, cinayətkarlar avtomobillərlə El-Embarkadero şəhərinə gəlib, soyğunçuluq ediblər. Sonra isə pendir istehsalı ilə məşğul olan ailəni oğurlayıblar. Daha sonra soyğunçular növbəti soyğunçuluq planlarını həyata keçirmək üçün El-Limon şəhərinə üz tutublar. Lakin yolda hərbçilərlə qarşılaşıblar və atışma baş verib. Atışma zamanı quldurlardan 5-i öldürülüb. Qeyri-rəsmi informasiyalara əsasən atışmada quldurların oğurladıqları 3 nəfər də ölüb.