"Azərsu": Azərbaycanda fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 65 faizə yüksəlib
15:22 08-02-2016
CƏMİYYƏT
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə "Azərsu" ASC-nin sifarişi ilə 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub ki, bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşdirilən layihə çərçivəsində Qubada su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulub, şəhər 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli, Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılıb. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.
Mingəçevir və Yevlaxı keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu tikilərək istismara verilib, şəhərdaxili su təchizatı sistemlərinin 85%-nin inşası başa çatıb. Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə sakinlər 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Təmizləyici qurğudan Yevlax şəhərinə çəkiləcək magistral kəmərin tikintisi üzrə layihə-smeta sənədləri hazırlanır.
Mingəçevir şəhərində tullantı sularının idarə olunması məqsədi ilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib və bununla da Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.
Lənkəranın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Xanbulançay dəryaçasının yaxınlığında sutkalıq məhsuldarlığı 30 min kubmetr olan təmizləyici qurğuda işlər tam yekunlaşıb, Lənkəran şəhərinə və ətraf kəndlərə içməli suyun verilməsi təmin edilib. Yeni qurğudan Astara şəhəri və 27 kəndin su təchizatına hesablanmış magistral kəmərin inşası 2016-cı ildə başa çatdırılacaq.
Şəmkirdə istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Şəmkirçay anbarından 16,5 km uzunluğunda magistral su kəməri qısa müddətdə tikilərək istismara verilib.
2014-2015-ci illərdə Azərbaycan Hökumətinin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırdığı su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsi üzrə işlər intensiv qaydada davam etdirilib.
Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Göyçayda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri tam başa çatdırılıb və 2015-ci ilin oktyabr ayında prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.
Bundan başqa, Beyləqanda yeni su mənbəyi yaradılıb, şəhərdaxili su şəbəkəsinin 85%-i yenidən qurulub və yeni şəbəkə ilə istehlakçılara suyun verilməsi təmin olunub. Bu layihə üzrə Ağdaş və Beyləqanda içməli su şəbəkəsinin tikintisi cari ildə başa çatdırılacaq. "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə 2016-cı ildə başlanılacaq.
Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Açıq Kommunal İnfrastruktur Proqramı II" çərçivəsində Gəncə şəhərinin əsas su mənbələri olan Göygöl və Qızılqayada suqəbuledici qurğularının və magistral kəmərlərin inşası yekunlaşıb, şəhərə suyun verilməsi təmin edilib. Gəncənin bir hissəsində paylayıcı şəbəkə yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. 2016-cı ildə Gəncə şəhərinin digər hissəsində və Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılacaq.
Dünya Bankı ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində 62 km uzunluğunda Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral kəmərinin inşası başa çatdırılıb. 2014-cü ilin dekabr ayında Sabirabada, 2015-ci ilin əvvəlində isə Saatlı sakinlərinə suyun verilməsi təmin edilib. Gələcəkdə magistral kəmərin marşrutu boyu yerləşən 50 kəndin su təchizatı da öz həllini tapacaq. Dünya Bankı ilə birgə reallaşdırılan layihə üzrə Şamaxı və Qəbələ şəhərlərində də işlər davam etdirilib, Şamaxıda su təchizatı sistemlərinin 96, kanalizasiya şəbəkəsinin 87%-i tikilib. Qəbələdə su mənbəyində işlər yekunlaşıb, şəhərdaxili şəbəkənin tikintisi davam etdirilib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunmuş kreditlər hesabına Naftalanın su və kanalizasiya şəbəkəsi yenidən qurularaq istismara verilib. Bu layihə çərçivəsində Qusarda işlərin 80%-dən çoxu icra edilib və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır. Eyni zamanda Xaçmazın su mənbəyində yenidənqurma işləri yekunlaşıb, şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Qobustanda işlərə 2015-ci ildə başlanıb, Xızıda isə şəbəkənin yaradılmasına cari ildə başlanılması nəzərdə tutulub.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası dövründə İslam İnkişaf Bankı ilə birgə reallaşdırılan "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi"nin icrasına başlanılıb. Hazırda Gədəbəy, Astara, Tərtər, Daşkəsən şəhərlərində tikinti işləri davam etdirilir. 2016-cı ildə Gədəbəy və Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisinin başa çatdırılması, Qazax şəhərində isə yeni layihənin icrasına başlanılması nəzərdə tutulur.
Son illərin ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin istismara verilməsi regionların da içməli su təminatının yaxşılaşmasına öz töhfəsini verib.
Belə ki, bu kompleks istismara verildikdən sonra Kür sutəmizləyici qurğularından Bakıya ötürülən suyun daha çox hissəsinin regionların təminatına yönəldilməsinə şərait yaranıb. İndiyə qədər Şirvan-Muğan qrup su kəməri ilə Şirvan şəhərinin yalnız bir hissəsinə su verilirdisə, hazırda şəhərin əksər hissəsi bu mənbədən qidalanır. Yaxın günlərdə şəhərin təminatı tamamilə Kür mənbəyindən aparılacaqdır ki, bununla da 1950-ci illərdə istismara verilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş Şirvan sutəmizləyici qurğusunun fəaliyyəti tam dayandırılacaq.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18