Ziyad Səmədzadə: "İşçilərin ixtisar edilməsi yanlış addımdır"
11:58 09-02-2016
CƏMİYYƏT
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik, iqtisadçı professor Ziyad Səmədzadə iqtisadi məsələlərlə bağlı Modern.az saytına müsahibə verib.
- Ziyad müəllim, Siz son çıxışlarınız zamanı məşğulluğun artırılması üçün bir sıra məsələlərlə yanaşı, əmək tutumlu sahələrin inkişafı ilə bağlı məqamlara toxundunuz. Bu barədə daha ətraflı nə deyə bilərsiniz?
- Əvvəla əmək tutumlu iş, sahə real iqtisadi həyatda, iqtisad elmində işlədilən adi termindir. Burada məhsulun istehsalı üçün nə qədər əmək sərfi işçi tələb olunduğu nəzərdə tutulur. Hər bir sahibkar bu və ya digər sahənin inkişafı ilə məşğul olan strukturlar bu göstəricini diqqətdə saxlamalıdırlar.
Məsələn, Azərbaycan sənayesinin malik olduğu əsas fondların 67%-i, məşğul olan işçilərin isə cəmi 15%-i mədənçıxarma sənayesinin payına düşür. 50 milyard manatdan çox əsas fondlara malik olan mədənçıxarma sənayesində cəmi 36 min işçi çalışır. Və qeyd etməliyəm ki, bütün neft hasil edən ölkələrdə belə nisbət mövcuddur. Amma maşınqayırma, yüngül sənayenin elə alt sahələri var ki, orada bir işçi yeri yaratmaq üçün hasiledici sənayeyə nisbətən dəfələrlə az vəsait, lakin çox işçi qüvvəsi tələb edilir.
Ona görə də sənayenin strukturunun şaxələndirilməsi məsələləri həll edilərkən fond tutumlu, əmək tutumlu sahələrin nisbəti də diqqət mərkəzində olmalıdır. Eyni zamanda əlverişli demoqrafik şəraitə, kifayət qədər əmək ehtiyatlarına malik olan respublikamızda əmək tutumlu sahələrinin inkişafına üstünlük verilməsi vacib vəzifələrdən biri kimi qiymətləndirilməlidir.
Konkret faktlara müraciət edək. Məlumdur ki, Pribaltikada, Avropa ölkələrində əhalinin azalması, daha intensiv qocalması müşahidə olunur. Burada istehsalı inkişaf etdirməyin yeganə yolu ancaq ən yüksək texnologiyalar tətbiq etməklə əmək məhsuldarlığını artırmaqdır. Hələ sovet dövründə Pribaltika respublikalarında iqtisadi artımın yalnız əmək məhsuldarlığı hesabına təmin edilməsi başlıca vəzifə kimi qarşıya qoyulmuşdu. Moskva Azərbaycanda da bu ideyanı həyata keçirmək istəyirdi, amma nəzərə alınmırdı ki, bizdə əlverişli demoqrafik şərait var, əmək ehtiyatları sürətlə artır. Mərkəzin bu cür məntiqə əsaslanmayan baxışının əksinə olaraq mərhum prezident Heydər Əliyev ötən əsrin 70-ci illərində Azərbaycanda yeni iş yerlərinin açılması üçün sənayenin strukturunun, əmək tutumlu mütərəqqi sahələrin, xüsusilə maşınqayırma və yüngül, yeyinti sənayesinin sürətli inkişafı ilə bağlı irimiqyaslı tədbirlərin həyata keçirilməsinə nail oldu.
Lakin müstəqilliyin ilk illərində bir çox müəssisələr, zavodlar dağıdılırdı, minlərlə avadanlıqlar maşın və mexanizimlər sökülür, xaricə satılırdı. Bunun da nəticəsində əhalinin əksər hissəsi yoxsullaşdı, işsiz qaldı. Ulu Öndərin hakimiyyətə qayıdışı, sistemli tədbirlər görməsi nəticəsində istehsalın sabitləşməsi, yeni iqtisadi sistemin yaradılması təmin edildi. Ölkənin iqtisadi inkişaf strategiyasının məqsəd və vəzifələri müəyyənləşdirildi. Cəmiyyətdə gələcək barədə düşünməyə inam yarandı.
Dinamik inkişaf, neftdən aşlılığın azaldılması, qeyri-neft sektorunun üstün inkişafı, regional, sosial, məşğulluq, təhsillə bağlı proqramların həyata keçirilməsi və mühüm işlərdə dövlət-özəl sektor əməkdaşlığı, bütün bunlar yeni çağırışlara uyğun olaraq iqtisadi siyasətin təkmilləşməsini zəruri edir.
- Prezident İlham Əliyev 2016-cı il 26 yanvar tarixində "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı 150-dən çox layihəyə ayrılan vəsaitdən danışdı. Bildirdi ki, bu layihələrə 1.5 milyard dollar vəsait ayrılacaq. Bu, böyük bir məbləğdir və layihənin həyata keçirilməsi hesabına sizcə, nə qədər yeni iş yerləri açıla bilər?
- Mən cənab Prezidentə təşəkkür edirəm ki, ölkədə iqtisadi fəallığı artırmaq, neftdən aşlılığı azaltmaq üçün indiki şəraitdə böyük investisiya məbləğini yeni müəssisələrin, zavod və fabriklərin açılmasına yönəltmək barədə göstəriş verib. Bu vəsait hesabına "nə qədər iş yeri yaradıla bilər" sualına dəqiq cavab vermək üçün dərin araşdırmalar aparılmalıdır.
İlk növbədə layihələri bir sıra meyarlarla yanaşı, həm də əmək tutumluğu səviyyəsinə görə qiymətləndirmək lazımdır. Məsələn, respublikada yüngül sənayenin bir sıra alt sahələrini inkişaf etdirmək imkanları çox böyükdür. Rəsmi statistik məlumatlara görə, hazırda hər nəfərə düşən yüngül sənaye məhsullarının həcmi 15 manatdan çox deyil. Razılaşın ki, bu çox aşağı səviyyədir. Bu sahədə çalışan işçilərin sayı isə bütövlükdə sənayedə çalışanların heç 2 faizini də təşkil etmir. Yaxın illərdə hər nəfərə düşən yüngül sənaye məhsullarını 50-60 manata, ümumilikdə isə 500-600 milyon manata, işçilərin sayını isə ən azı 20 minə çatdırmaq mümkündür. Məsələn, hesablamalara görə, tikiş məhsulları istehsalında 1 iş yerinin dəyəri 25-30 min manatdan çox deyil. Deməli, ayrılan vəsaitlərin 10-15 faizi yüngül sənaye müəssisələrinin yaradılmasına yönəldilsə, ən azı 7-8 min iş yeri yaratmaq olar. Məsələn, Bakı Tikiş Fabrikində 800 nəfərdən çox qadın çalışır. Fabrikin istehsal etdiyi məktəbli formaları, hərbi paltarlar alıcıların rəğbətini qazanıb. Bizim belə müəssisələrimiz çoxalmalıdır. Onlara kömək etmək, maliyyə vəziyyətini yaxşılaşdırmaq, filialların rayonlarda təşkili, hesab edirəım ki, diqqət mərkəzində saxlanılmalıdır. Bu gün biz nəyə görə əksər yüngül sənaye mallarını idxal etməliyik. Qeyd etdiyim kimi bir tikiş, ayaqqabı fabrikinin yaradılmasına o qədər də çox vəsait tələb olunmur, amma belə müəssisələrin sosial əhəmiyyəti daha böyükdür. On minlərlə qadını işə cəlb etmək olar. Bəzən yüngül sənayeyə ikinci dərəcəli müəssisələr kimi yanaşanlar da var. Bu çox səhv yanaşmadır.
Ümumiyyətlə, 1,5 milyard dollarlıq layihələrin reallaşması nəticəsində iqtisadiyyatın strukturunda nə kimi dəyişikliklər olacaq, regionların inkişaf səviyyəsi nə dərəcədə yüksələcək? Hər bir iri miqyaslı layihənin iqtisadi, sosial nəticələri ölkə, regional inkişafın tələbləri baxımından qiymətləndirilməlidir. Bir sözlə, iş yerlərinin açılması ön plana çəkilməlidir. Mən tam əminəm ki, ölkədə əhalinin ehtiyaclarının ödənilməsinə əhəmiyyətli dərəcədə imkan verən yüngül sənaye sahəsinə yeni həyat vermək olar.
Qida məhsulları istehsalını və onların ixracını artırmaq imkanlarımız da böyükdür. Sovet dövründə Lənkəranda min hektarla yüksək əmək tutumluluğu ilə fərqlənən çay plantasiyaları, fabriklər vardı. Azərbaycan çayının şöhrəti dünyaya yayılmışdı. Ötən əsrin 70-ci illərində çayçılıq, üzümçülük, şərabçılıq, pambıqçılıq kimi sahələrin inkişaf etdirilməsində əldə edilən nəticələrə qarşıdakı dövrdə də nail olmaq mümkündür. Dövlət başçısının yuxarıda sadalanan sahələrin inkişafı ilə bağlı göstərişləri əsasında xüsusi proqramların hazırlanması heç şübhəsiz ki, yaxın vaxtlarda öz müsbət nəticəsini verəcək.
Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bu və ya digər məhsul istehsalı üzrə ixtisaslaşmış rayonlarda mütəxəssisləri, təcrübəli əmək adamlarını bir yerə toplamaq, onlarla məsləhətləşmələr aparmaq kənddə qaynar həyatın canlanmasına əməli töhfə vermiş olardı.
Təhlillər göstərir ki, 1 iş yerinin dəyəri 25-100, bəlkə də bir neçə yüz min manat arasında təsadüf edir. Məsələn, Qaradağ rayonunda bu yaxınlarda əsası qoyulmuş neft-qaz avadanlığı zavoduna sərf ediləcək 32 milyon hesabına 700 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Bu çox yaxşı göstəricidir. 1 iş yerinin dəyəri 45-46 min manat tələb edəcək. Bir daha təkrar edirəm, elə iş yeri var ki, onu yaratmaq üçün 100 min və daha çox sərmayə tələb edilir. Ustalıq da, yüksək idarəetmə bacarığı da ondan ibarətdir ki, əlverişli demoqrafik şəraiti daha düzgün qiymətləndirərək, ayrılmış vəsait müqabilində həm tarazlı inkişaf, həm də daha çox iş yerlərinin açılması təmin edilsin. Bütün bunlarla yanaşı, milli valyutanın alıcılıq qabiliyyətini artırmaq, daxili istehlakı stimullaşdırmaq üçün real sektora dəstək artırılmalıdır, iqtisadi fəallığın artırılmağa meyl edildiyi şəraitdə, inflyasiyanın ən minimum həddə saxlanılması naminə pul qıtlığı yaratmaq, ödəmələri vaxtında icra etməmək yalnış yol hesab edilir.
- Ziyad müəllim, hazırda iş yerlərində ixtisarlar insanları ciddi narahat edən məsələlərdəndir. Sizin bununla bağlı fikirləriniz necədir?
- İllər boyu çalışan bir insanın bir anda iş yerindən ixtisara salınması həm maddi, həm mənəvi baxımdan ağır məsələdir. Əgər çox ciddi obyektiv səbəb varsa, bu başqa məsələ. Bu zaman da insanlara qayğı ilə yanaşmalı, qanunvericiliyə əməl edilməlidir. İşçilərini ixtisar edən təşkilatlar hər an fikirləşməlidirlər ki, hər bir ixtisarın arxasında insan var, onun ailəsi var, iş onun yeganə gəlir mənbəyidir. Dövlət başçısının bu məsələyə son dərəcə həssas və qayğı ilə yanaşması, hökumətə ciddi tapşırıqları bir daha göstərir ki, ən çətin anlarda Azərbaycan Respublikasının Prezidenti onun vətəndaşlarının yanındadır. Ona görə də şirkətlər, müəssisələr, bir sözlə, həm dövlət, həm özəl sektor strukturları bu məsələdə tələsikliyə yol verməməli, ciddi, müqayisəli araşdırmalar aparmalıdır. İdarəetmə strukturunun zəruriliyi və ya ləğv edilməsini təkcə onun saxlanılması xərclərinə görə qiymətləndirmək başadüşülməzdir.
Bəzən mətbuatda idarəçilik sahəsində heç bir təcrübəsi olmayan bu və ya digər orqanın məqsəd və vəzifələrini obyektiv qiymətləndirməyənlər dövlət qulluqçularının xeyli dərəcədə ixtisarını təklif edirlər. Bu cür fikirlər yanlışdır. Dünya təcrübəsinə müraciət etmək lazımdır. Yaddan çıxarmaq olmaz ki, idarəetmə strukturu mürəkkəb bir orqanizmdir. Bəzən araşdırmalar, təhlillər aparılmadan bu və ya digər strukturun səmərəsiz olduğunu qeyd etmək çox səhv və iqtisadi savadsızlıqdır. Unutmayaq ki, ölkədə fəaliyyətdə olan istər sahə, istərsə də ərazi idarəetmə strukturları dövlətimizin siyasi, iqtisadi qüdrətinin möhkəmlənməsində sosial siyasətin həyata keçirilməsində böyük rol oynayırlar. Onu da qeyd etmək istərdim ki, hələ 2004-cü ilin əvvəlində cənab Prezident bəyan etdi ki, biz 600 min yeni iş yeri yaradacağıq. Bu böyük tarixi əhəmiyyət kəsb edən çağırış idi, gələcəyə hədəflənmiş strategiyanın vacib məqamlarından biri idi. Bir müddət sonra bu vəzifə uğurla yerinə yetirildi, nəticədə yoxsulluq azaldı, əhalinin gəlirləri artdı. Əminəm ki, real sektorun inkişaf imkanlarından səmərəli istifadə olunsa, yerli icra strukturlarının fəaliyyətləri qiymətləndirilərkən ən vacib meyarlar sırasında yeni iş yerlərinin yaradılması, istehsalın inkişafı göstəricilərinin də olması artmaqda olan əmək ehtiyatları ilə yaradılan yeni iş yerləri arasında tarazlığın təmin edilməsində mühüm rol oynayacaq.
Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq, nazirlər, komitə sədrləri rayonlarda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqlar keçirirlər. Mən bu kimi tədbirləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu kimi tədbirlər bütövlükdə ölkədə iqtisadi fəallığın artmasına, regionların inkişaf imkanlarının reallaşmasına əhəmiyyətli təsir edəcəkdir.
Digər Xəbərlər
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58
2024-11-01 20:38:30
2024-11-01 20:02:03
2024-11-01 19:49:17
2024-11-01 19:35:09
2024-11-01 19:12:41
2024-11-01 18:43:13
2024-11-01 18:29:32
2024-11-01 18:17:19
2024-11-01 18:08:23
2024-11-01 17:54:00
2024-11-01 17:42:00
2024-11-01 17:40:00
2024-11-01 17:32:00