Milli valyutamızı dəyərdən salanlar
09:34 10-02-2016
CƏMİYYƏT
İstər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən quraşdırılan ödəmə apartları kiçik nominallı qəpikləri qəbul etmirlər
Ölkəmizdə istər vətəndaşlar arasında, istər ictimai nəqliyyatda və ictimai iaşə obyektlərində kiçik nominallı 1,3,5 qəpikliklərə maraq həddən artıq azdır.
İctimai nəqliyyatda isə belə xırda pulları ümumiyyətlə qəbul etmirlər. Bəzi hallarda vətəndaşlar özləri də bu nominallardan imtina edir və həmin qəpiklər zibilliklərə atılır. Təkcə 2015-ci ilin ilk 9 ayı ərzində "Təmiz Şəhər" ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb.
1, 3, 5 və 10 qəpiklərdən ibarət pulları zavod əməkdaşları iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb. 2014-cü ildə isə zavodda 60 kiloqrama yaxın qəpik yığılıb.
Vətəndaşlar 1,3,5 qəpiklərə marağın olmamasını özünəməxsus səbəblərlə izah edirlər. Paytaxt sakini Nofəl Şükürov deyir ki, bu qəpiklər heç bir məkanda işləmir: "Əksər mağazalarda alış-verişdən sonra 1, 3, 5 qəpiklər geri qaytarılmır. Onun əvəzində insanlara kibrit yaxud başqa hansısa ucuz məhsullar təklif edilir. Ona görə də, bu qəpiklər heç kəsin marağını cəlb etmir. Həm də, ölkədə 1, 3, 5 qəpiklərə hər hansı məhsul almaq mümkün deyil. İctimai nəqliyyatda sürücüyə 1,3,5 qəpiklərdən toplanmış 20 qəpik təqdim etsən də, sürücü götürmür. Ona görə də vətəndaşlar bəzi hallarda çıxış yolu kimi həmin qəpikləri atmağa üstünlük verirlər".
Daha bir məqam isə istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən quraşdırılan ödəmə apartların kiçik nominallı qəpikləri qəbul etməməsidir. Buna gündəlik ticarət dövriyyəsi kifayət qədər çox olan "Bakı Kart", Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı "parkomat"lar və iri ticarət mərkəzilərinə və əhalinin sıx olduğu yerlərdə içkilər təqdim edən xüsusi aparatlar daxildir.
"Bakı kart" aparatlarının xırda nominallı qəpikləri qəbul etməməsinə münasibət bildirən layihənin rəhbəri Ceyhun Əliyev bildirdi ki, layihə başlamazdan əvvəl qurum tərəfindən araşdırma aparılıb: "Araşdırma nəticəsində biz xırda qəpiklərin əhalidə çox olmadığını müəyyən etdik. Həm də, xırda nominalların aparata tanıdılması da müəyyən qədər əlavə xərc tələb edirdi. Bu pullardan da az sayda insanın istifadə edəcəyini nəzərə alaraq bu layihədə 1,3,5 qəpiklərin tanıdılması nəzərə alınmadı".
Bakı Şəhər İcra Hakimiyyətinin quraşdırdığı "parkomat"larda da "xırda" qəpiklərin qəbul edilmədiyinin şahidi olduq.
İqtisadçı Vüqar Bayramov kiçik nominallı qəpiklərin istifadə edilməməsinə əsas səbəb kimi mövcud qiymətlər səviyyəsində həmin qəpiklərə heç bir məhsulu almağın mümkün olmamasını görür: "Hazırda bazarda həmin qəpiklərin alıcılıq qabiliyyəti çox aşağıdır və istifadə imkanları məhduddur. Burada vətəndaşların da məsuliyyəti var. Çünki bəzi hallarda vətəndaşlar da həmin qəpikləri almaqdan imtina edirlər. Bu da qanununun pozulmasıdır".
İqtisadçı "qara qəpik" adlanan bu xırda pulların bazarda rəqabət mühitini formalaşdırmaqda müstəsna rolu olduğunu bildirir: "Böyük mağazalar bir-biri ilə rəqabəti 1-2 qəpik ucuzluğa getməklə aparırlar. Əgər bu qəpiklər istifadə edilməsə məcburi şəkildə dövriyyədən çıxarıla bilər. Nəticədə də bazarda rəqabət mühitinin pozulmasına gətirib çıxarar. Ona görə də, bu qəpiklərə diqqəti artırmaq lazımdır".
Azərbaycanın müstəqillik əldə etməsindən sonra ilk milli valyutası Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli fərmanı ilə yaradılıb. Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Ancaq çox keçməmiş həmin valyuta yığışdırılıb.
2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.
Dünyanın demək olar ki, bütün dünya ölkələrində xırda nominallı pullar dövriyyədə var. Məsələn Amerika Birləşmiş Ştatlarında (ABŞ) sentlərdən çox ciddi şəkildə istifadə edilir. Məhz həmin sentlər sahəsində bazarda rəqabət mühiti formalaşdırılır. Mağazalar bir- biri ilə 2-3 sent ucuz satış uğrunda mübarizə aparırlar.
Ölkəmizdə isə zibilliklərə atılan qəpiklərə etibarı geri qaytarmaq üçün onların dəyərində məhsul olmalıdır. Hazırda bazarda bu qəpiklərə heç bir məhsulu almaq mümkün deyil. Ona görə də stimullaşdırıcı tədbir kimi bu aparatlara xırda nominallı qəpiklərin qəbulunu bərpa etmək lazımdır. Belə olan təqdirdə əhalinin bu pullara olan marağını bərpa etmək olar. Əgər vətəndaş xırda pulun hansısa sahədə faydalı olduğunu bilsə təbii ki, onu zibil qutusuna atmaz. Burada bu prosesə nəzarət isə Mərkəzi Bankın üzərinə düşür.
İlkin Mustafayev
Digər Xəbərlər
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07