Azərbaycanda "Coca-Cola" dövrü bitir
10:47 12-02-2016
İQTİSADİYYAT
Məşhur şirkət ətrafında müəmmalar!
Bakının mağazalarında Coca-Cola şirkətinə məxsus bütün soyuducular yığışdırılır. Mağazalardan bildirildiyinə görə, həmin soyuducular bir neçə gün əvvəl dünyasını dəyişən "Azerbaijan Coca-Cola Bottlers" (ACCB) şirkətinin baş direktoru Cem Becelə məxsus olub.
Məsələ ilə bağlı şirkət ilə əlaqə saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, C.Becəl Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir. Qeyd edək ki, Cem Becel "Azerbaijan Coca-Cola Bottlers Ltd"də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.
Maraqlı burasıdır ki, bundan bir neçə gün əvvəl adıçəkilən şirkətlə bağlı başqa bir məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, "Azərbaycan Coca-Cola Bottlers Limited" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.
MMC, sözügedən departamentin qərarının ləğv olunması, hesablanmış və dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkünsüz hesab edib.
Qərardan narazı qalan "Coca-Cola" apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Ard-arda yayılan bu xəbərlər "Coca-Cola"nın Azərbaycanda bağlana biləcəyinə dair bir müddət əvvəl gündəmə gələn iddiaları yenidən aktuallaşdırır. Xatırladaq ki, hələ iki il əvvəl dünyanın ən bahalı markaları siyahısında liderliyi əlindən verən "Coca- Cola"nın İspaniyada 11 fabrikindən 4-nün bağlanacağı açıqlanmışdı. Həmin vaxt bildilirdi ki, İspaniyada "ERE" adlı verilən qanundan yararlanaraq həmkarlar ittifaqına bu barədə təklif verilib. Şirkətin maliyyəni azaldan proqram çərçivəsində "İberian Partners", "Asturias", "Palm de Mallorca", "Alicante" və Madriddəki fabriklərini bağlamağı nəzərdə tutan plan açıqladığı bildirilib.
O vaxt qeyd olunurdu ki, "Coca- Cola"nın maliyyə xərclərini azaltmaq planı 1250 nəfər işçiyə təsir edəcək. Bağlanılacaq fabriklərdən 750 işçinin çıxarılması və 500-ə qədər işçinin də İspaniyada Seviliya, Barselona kimi digər fabriklərə köçürülməsi nəzərdə tutulur. "Coca Cola" İspaniyadakı 11 fabrikində cəmi 4 min 270 işçi işlədir.
Qeyd edək ki, son illərədək ölkənin sərinləşdirici içkilər bazarında xeyli üstün mövqelərə malik olan "Coca-Cola"nın hazırki satışının əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı düşdüyünə dair məlumatlar var.
Xüsusilə sərinləşdirici içkilər bazarında bu məhsulun yeni rəqiblərinin peyda olması onun mövqelərini əhəmiyyətli şəkildə sarsıdıb. Burada digər müxtəlif amillərin də rol oynadığı bildirilir. Bu amillərdən biri ümumiyyətlə, son dövrlərdə İslam ölkələrində "Coca-Cola" ilə bağlı xoşagəlməz rəyin formalaşmasıdır. Bir ara "Coca- Cola" yazısının fərqli formada oxunuşunun müsəlmanların dininə qarşı təhqir mahiyyəti daşıdığı fikri ortaya atıldı və bu, geniş rezonans doğurdu. Elə Azərbaycanda da məhsulun populyarlığının əhəmiyyətli şəkildə azalmasında bu təbliğat ciddi rol oynayıb.
Digər tərəfdən son vaxtlar bu içkinin qiymətinin qısa vaxtda 2 dəfə bahalaşması onun alıcılarının sayını kəskin azaldıb. Bakıdakı mağazalarda aparılan müşahidələr və satıcıların sözləri də belə deməyə əsas verir ki, hazırda bu içki ciddi müştəri qıtlığı yaşamaqdadır.
Digər tərəfdən, "Azerbaijan Coca-Cola Bottlers Ltd" ilə müvafiq dövlət qurumları arasında ciddi soyuqluq hökm sürür. Bunu müxtəlif vaxtlarda ortaya çıxan məhkəmə çəkişmələri də təsdiqləyir.
Bütün deyilənləri ümumiləşdirsək isə ümumilikdə dünya bazarlarında əvvəlki mövqelərini xeyli itirən "Coca-Cola"nın Azərbaycanda da ciddi böhran içində olduğunu və bu səbəbdən məşhur markanın yerli istehsalçısının ölkəmizdəki fəaliyyətini dayandıra biləcəyini söyləmək mümkündür. Düzdür, oxşar ehtimallar əvvəlki illərdə də gündəmə gəlib, amma hazırda həmin ehtimalın reallaşması daha ağlabatan təsir bağışlayır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31