Azərbaycan prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli sərəncamı bu il vergi sahəsində əsaslı islahatlara yol açıb. Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Vergilər Nazirliyindən unikal.org-a verilən məlumata görə, elektron ticarət - texnologiyalardan istifadə ilə malların alqı-satqısı, xidmətlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Ölkəmizdə "Elektron ticarət haqqında" Qanun 2005-ci ildə qəbul edilib. 2008-ci il dekabrin 2-də "SilverKey Azərbaycan" şirkəti ilk dəfə olaraq "VISA" və "MasterCard" vasitəsilə xüsusi lisenziya alıb və bundan sonra Azərbaycanda e-ticarət formalaşmağa başlayıb.

Ölkəmizdə biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları mövcuddur. Bunlara "Elektron sənəd, elektron imza haqqında", "Elektron ticarət haqqında" qanunlar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini göstərmək olar. Hazırda elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır.

Qeyd etmək lazımdır ki, elektron ticarətdə "elektron pulların" tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir. Bundan başqa, belə əməliyyatların transmilli olması vergi nəzarəti üçün əlavə problemlər yaradır. Təcrübə göstərir ki, bir çox hallarda e-ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin isə tamamilə başqa dövlətdə yerləşməsi vergi orqanlarının üzləşdiyi əsas problemlərdəndir.

Hazırda Vergilər Nazirliyinin mütəxəssisləri elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində ciddi işlər görməkdədirlər.

Elektron ticarət üzrə vergi nəzarətinin təşkil edilməsi məqsədi ilə, ilk növbədə, ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalı və onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçiriləcək.

Azərbaycanda internet istifadəçilərinin sayının artması, nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər, internet vasitəsilə alış-veriş edən əhalinin sayının gündən-günə çoxalması ölkəmizdə elektron ticarətin vergiyə cəlb olunması üçün böyük potensial olduğunu göstərir. Son illər ölkə daxilində internet saytlarında və ya sosial şəbəkələrdə reklam yerləşdirməklə, habelə internet üzərindən elektron ticarət həyata keçirməklə bağlı iqtisadi fəaliyyətin miqyasının artması müşahidə edilir. Xərclər aşağı olduğundan elektron ticarət məhsulların daha ucuz qiymətə təklif olunması ilə səciyyələnir.

Elektron ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin uçotu istehlakçıların hüquqlarının qorunmasına da öz müsbət təsirini göstərəcəkdir. Bəzi hallarda istehlakçıların elektron ticarət şəbəkələrindən mal alarkən hüquqları pozulur. Bu vergi ödəyicilərinin uçota alınması elektron ticarət sahəsində satıcı və alıcı arasındakı münasibətlərin tənzimlənməsinə şərait yaradacaq.