Mərkəzi Bankın yanlış pul siyasəti ölkədə növbəti kəskin bahalaşmaya gətirib çıxarıb Ölkənin maliyyə bazarında yenidən gərginlik yaranıb. Artıq banklarda dollar tapmaq müşkülə çevrilib.

Unikal.org xəbər verir ki, elə demək mümkündürsə, bankların əksəriyyəti dollar satmaqdan imtina edib. Bir sıra banklarda bir müştəriyə satılan dolların həcminə kəskin məhdudiyyət qoyulub, bir nəfərə 100 dollardan artıq satılmır. 

Ona görə dollara ehtiyacı olan vətəndaşlar qara bazara müraciət etməli olurlar. Məsələ ondadır ki, ölkənin pul siyasətini həyata keçirən və maliyyə bazarında valyutaların mübadilə prosesinə nəzarət funksiyasını daşıyan Mərkəzi Bank isə hərəkətsiz vəziyyətdədir. 
Buradan isə bir nəticə çıxır ki, ya Mərkəzi Bank rəhbəri Elman Rüstəmov belə bir vəziyyətin yaranmasında maraqlıdır, çünki xaotik vəziyyətdə qara bazardan daha çox gəlir əldə etmək mümkündür.Ya da Elman Rüstəmov yaranmış situasiyada prosesi idarə edə bilmir, bu zaman da onun yerində olmadığı üzə çıxır. 
Maliyyə və valyuta bazarındakı vəziyyəti analiz etmək üçün iqtisadçı ekspertlərlə söhbətləşdik. 

Məsələylə bağlı "Unikal qəzetinə açıqlama verən tanınmış iqtisadçı alim Teyyub Əliyev deyib ki, maliyyə bazarında yaranmış ajiotaj Milli Bankın yanlış məzənnə siyasəti və ölkəmizin idxaldan asılılığının getdikcə artması ilə əlaqədardır. Onun sözlərinə görə, ölkəyə lazım olan malların gətirilməsi üçün sahibkarların dollar almağa ehtiyac var:
 "Dolların satışının süni olaraq məhdudlaşdırılması ajiotaja gətirib çıxarıb. Bu siyasətin davam etməsi maliyyə bazarında vəziyyəti daha da gərginləşdirəcək. Mən may ayında bildirmişdim ki, bunun heç bir iqtisadi əsası yoxdur və biz dolların getdikcə bahalaşmasının şahidi olacağıq.Təəsüf ki, bu proqnozum doğru çıxdı. Mənim hesablamalarıma görə bu günkü günə real olaraq dollar-manat nisbəti 1 dollar 2.3 manat civarındadır. Və əgər hökumət ölkənin idxaldan asılılığının azaldılması üçün təxirəsalınmaz tədbirlər görməsə ilin axırına kimi (bəlkə də daha tez) biz qeyd etdiyim məzənnə nisbətinin şahidi olacağıq. 

Bank sektoru üzrə ekspert Əkrəm Həsənov "Unikal qəzetinə açıqlamasında deyib ki, əgər bizim valyuta ehtiyatlarımız Mərkəzi Bankın elan etdiyindən azdırsa, dollar 2 manatı deyil, 3 manatı da keçəcək. Onun sözlərinə görə, son situasiya göstərir ki, manatla bağlı iki variantdan biri baş verəcək: "Birincisi Mərkəzi Bank devalvasiyaya gedəcək. Bu həm kəskin, həm də tədricən ola bilər. Bu günki vəziyyətdə dollar almaq mükün deyil. Bu da çox davam edə bilməz. İkinci variant odur ki, dollar satışı davam edəcəyi halda, xaricdəki aktivlər Azərbaycana gətrilməlidir. Bu da o deməkdir ki, valyuta ehtiyatlarımız azalan xətlə gedəcək. Bu, iki seçimdən biri olacaq. Mərkəzi Bank devalvasiyaya getməlidir ki, ehtiyatların azalmasının qarşısını alsın. Necə ki, ötən ilin fevralında və dekabrında devalvasiya ehtiyatların azalmasının qarşısını aldı. İstənilən halda ikinci variant da çox davam etməyəcək. Ona görə indi də olmasa ilin axırına qədər kəskin devalvasiya qaçılmazdır". Göründüyü kimi, ekspertlər də yaranmış vəziyyətə görə Mərkəzi Bank və onun rəhbərliyinin yanlış siysətini suçlu sayırlar. Həqiqətən də Mərkəzi Bank rəhbəri şəxsi banklarını və daha çox qazanmaq imkanlarını deyil, ölkənin maliyyə bazarını düşünsəydi, belə bir vəziyyət yaranmazdı. Artıq vəziyyət kritik həddə çatıb. Yəqin ki, Elman Rüstəmov valyuta ehtiyatlarını tamamilə tükətməmək üçün üçüncü kəskin devalvasiyaya getməyi məqbul sayacaq. Bunun isə hansı effekt yaradacağını təsəvvür etmək çətin deyil. 

 Z.MƏMMƏDLİ