Nübar Qurbanova Füzuli rayonundan məcburi köçkündür.

Unikal.org EL TV-yə (Region TV) istinadən xəbər verir ki, 1995-ci ildən bu rayonun Balabəhmənli kəndində məskunlaşan Nübar Qurbanovanın ailəsi uzun illərdir qarğı və çiy kərpicdən tikdikləri evdə yaşayır.

Nübar Qurbanova deyir ki, bərbad vəziyyətdə olan ev zəlzələdən sonra uçmaq təhlükəsi ilə üzləşib.

"Evin damından yağış yağanda içəri su tökülür. Zəlzələdən sonra millər tərpənib", - deyə Füzuli rayon sakini Nübar Qurbanova bildirib.

O deyir ki, evin otaqlarında yaranan nəmişlik səbəbindən övladları tez-tez xəstələnir. Yay aylarında isə ilan və digər zəhərli həşəratlar ailə üçün xüsusilə təhlükə törədir. "Evdə ilan da olur, digər həşəratlar da", - deyə ailənin üzvü Zülfiyyə Əliyeva vurğulayıb. Ailənin yaşayış şəraiti normal olmadığına görə dəfələrlə həm rayon icra hakimiyyətinə, həm də digər qurumlara yazılı müraciətlər ediblər. Nübar Qurbanovanın sözlərinə görə, bununla bağlı heç bir konkret addım atılmayıb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli rayonundakı nümayəndəsi Elmir Allahyarov isə bildirir ki, onlar həmin ailənin hansı vəziyyətdə yaşamasından xəbərdardırlar. Hətta rayon ərazisində inşa edilən yeni qəsəbələrdən birində onların məskunlaşması üçün ev də təklif olunub. Lakinailə həmin evə köçməkdən imtina edib. "Dövlət QaçqınKom həmin ailəyə Qayıdış, Aranqala, Zobcuq və yeni tikilən qəsəbələrdən birində yerləşdirmək üçün ev təklif edib. Lakin onlar bundan imtina ediblər", - deyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli rayonu üzrə nümayəndəsi Elmir Allahyarov vurğulayıb. Komitənin nümayəndəsi onu bildirdi ki, əgər məcburi köçkün ailəsi istəyərsə, onları rayon ərazisində inşası başa çatmaqda olan yeni qəsəbədə evlə təmin etmək mümkündür.