Daşınmaz əmlak bazarında uzun sürən durğunluqdan sonra yaxın müddətdə evlərin qiymətinin kəskin şəkildə enəcəyi proqnozlaşdırılır. Bu məqamda daha əvvəlki kimi "su qiymətinə ifadəsini də işlətmək olmur. Çünki, su da bahalaşıb...
Məhz daşınmaz əmlak bazarında ucuzlaşma proqnozlarına görə, əlində müəyyən pul vəsaiti olan insanlar gözləmə mövqeyi seçiblər. Bazarda isə qeyri-müəyyən gərginlik davam edir...
Ekspert Rəşad Əliyev deyib ki, hazırda bazarda yaşanan gərginliyin səbəbi məhz manatın məzənnəsi ilə əlaqədardır:
"Təsəvvür edin ki, alıcıların əlində əsasən dollardı. Alqı-satqı əməliyyatı isə manatla bank vasitəsilə həyata keçirilir. Deməli ev alqı-satqısı həyata keçirmək üçün ev alan dollar satmaqla manat əldə etməli, onu bank hesabına satıcının adına otuzdurmalıdır. Satıcı isə həmin vəsaiti bankdan çıxaranda əsas dollar almağa üstünlük verir.
Əgər manatı dollara çevirmək hazırda problemdirsə, onda satıcı üçün əməliyyatda qeyri-müəyyənlik yaranır. Belə olan halda satıcı ya əməliyyatı təxirə salır, ya da ümumiyyətlə satmaqdan imtina edir. Əlacsız durumda olanlar isə məcburən alqı-satqını həyata keçirir.
R.Əliyev bildirib ki, elə alıcılardakı vəziyyətdə qeyri-müəyyəndir:
"Əllərində dollar olanlar çox da tələsmirlər. Çünki, onların hazırda itirəcəkləri çox azdı. Əllərində manat olanlar isə əməliyyatların həyata keçirilməsində maraqlıdır. Əmlak bazarında əməliyyatlar orta hesabla 15-30 gün əvvəldən planlaşdırılır.
Hazırda valyuta bazarında yaranmış gərginlik bu cür əməliyyatları həyata keçirmək istəyənləri bir qədər qeyri-müəyyən vəziyyətə salıb. Bazarda satış qiymətləri manatla rəsmiləşdirilsə də, onların bəziləri dolların məzənnəsinə uyğun müəyyən edilmişdi. Bu cür əməliyyatların əksəriyyəti ya təxirə salınıb, yaxud da ləğv edilib.
Devalvasiya şəraitində istənilən halda əmlakın qiyməti xarici valyutada enməyə meyllidir. Ssenari bu şəkildə də davam edəcək, evlər ucuzlaşacaq. Ancaq uzaq perspektiv üçün onu qeyd edim ki, dollar qiymətləri müəyyən müddətdən sonra mümkün devalvasiyalara qarşı immunitet əldə etməyə başlayacaq.
Modern.az