Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib. 

Unikal.org apa-ya istinadən xəbərinə görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili Raqif Mustafayev iddianın başqa hakimin icraatına verilməsi ilə bağlı vəsatət qaldırıb.
 
Vəsatət təmin olunub, iş Müseyib Bayramovun icraatına verilib.
 
Proses Müseyib Bayramovun sədrliyi ilə keçirilib. Hakim işlə tanış olmadığını əsas gətirərək prosesi sentyabrın 9-na təyin edib.
 
Qeyd edək ki, ötən həftə keçirilən hazırlıq iclasında hakim qərarla tanış olmaq üçün ANS-ə vaxt verib.
 
Xatırladaq ki, MTRŞ-nın 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.
 
"ANS ÇM Yayım və Media Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir.