"Deyirlər poeziya məchul bir aləmə səfərə oxşayır. Məgər jurnalistika da belə deyilmi? Jurnalist həmişə öyrənmə prosesində olur. Onun bilik mənbəyi isə, başqa amillərlə yanaşı, həm də görüşdüyü insanlardır.

Əməkdar jurnalist Elmira Əliyeva bu günlərdə "İndiqo nəşriyyatında çapdan çıxmış "Özüm haqda və zaman barədə adlı kitabında bütün həyatını həsr etdiyi işi bu cür səciyyələndirib. Nəşrin ideya müəllifi və tərtibçi-redaktoru Milli Məclisin deputatı, Əməkdar Jurnalist Elmira Axundovadır.

Elmira Əliyeva həyatının altmış ildən çoxunu sevimli işinə həsr edib, görkəmli siyasətçilər və dövlət xadimləri, elm və mədəniyyət nümayəndələri barədə oçerklərdən, Azərbaycan tarixində silinməz izlər qoymuş insanlarla müsahibələrdən ibarət üç kitab nəşr etdirib. Lakin bu kitablar müəllifin gündəlik jurnalist axtarışlarının yalnız cüzi bir hissəsidir.

"Özüm haqda və zaman barədə nəşrinin müəllifi kitabına epiqraf kimi Şekspirin "ötən günlərin sədası sonetindən bir hissə seçib. Kitabın "Geniş formatlı avtobioqrafiya adlanan birinci hissəsinin əsasını ötən günlər haqda xatirələr təşkil edir. Elmira xanım özünün uşaqlıq dövrü, valideynləri - cəbhədə həlak olmuş atası İsmayıl Əliyev, ağır müharibə illərində üç uşağı boya-başa çatdırmış cəfakeş anası Bikə xanım barədə söhbət açır. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı illər, bu gün də dostluq münasibətləri saxladığı tələbə yoldaşları, SSRİ-nin və respublikamızın aparıcı nəşrlərində işlədiyi dövr, oçerklərinin qəhrəmanları barədə xatirələr - bütün bunlar barədə müəllifin səmimi söhbətləri oxucuların təsəvvüründə o illərin ab-havasını canlandırır. Kitabda təqdim edilən fotoşəkillər oxucunu keçmiş illərə, müxtəlif ölkələrə aparır, maraqlı şəxsiyyətlərlə tanış edir.

Elmira xanım kitabında ailəsinə - ömür-gün yoldaşı, eyni zamanda, onun üçün sədaqətli dost olan və bütün təşəbbüslərini dəstəkləyən Arif Sadıxova, qızına, nəvə- nəticələrinə də yer ayırıb.

Kitabın ikinci hissəsində müəllifin dostları və həmkarları onunla bağlı fikirlərini bölüşürlər. Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov Elmira Əliyevanı səmimi sözlərlə səciyyələndirib: "Elmira xanım doğma ölkəmizin tarixində öz fədakar əməyi ilə böyük iz qoymuş, bütün həyatını öz xalqına xidmət işinə həsr etmiş insanlar barədə söhbət açmaqla əslində ölkəmizin salnaməsini yazır....

Elmira xanım uzun illər AZƏRTAC-da rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. O, gənc həmkarlarına həvəslə kömək edir, zəngin jurnalist təcrübəsini onlarla bölüşür, məişət problemləri ilə üzləşənlərə müdrik məsləhətlər verirdi.

İllər Elmira Əliyevanın yaradıcılıq şövqünü azaltmayıb. O, yenə əvvəlki kimi gümrahdır, yaradıcılıq ideyaları, jurnalist ilhamı bitib-tükənmir. Oçerkləri populyar "Kaspi qəzetinin və digər nəşrlərin səhifələrində mütəmadi dərc olunur. Onun belə cavan qalmasının səbəblərindən biri peşəsinə sadiqliyidir. Biz də Elmira xanıma uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq sevincləri arzulayırıq.