Məktəbəqədər təhsillə bağlı yeni qanun layihəsi hazırlanır
Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər. Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib.
Onun sözlərinə görə, qanun layihəsi üzərində Təhsil Nazlirliyi,
ekspertlərlə birgə ciddi iş aparılır: "Qanun layihəsinin ilkin variantı
artıq hazırdır. Yəqin ki, ilkin variant Elm və təhsil komitəsinin
iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının
gündəliyinə çıxarılacaq".
B.Əliyev bildirib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən
islahatlar nəticəsində məktəbəqədər hazırlıq üçün çox münbit şərait
yaranıb: "2013-cü ildə təhsilin inkişafı ilə bağlı Milli Strategiya
təsdiq edilmişdi. Sənəddə əsas istiqamətlərdən biri də məktəbəqədər
təhsil məsələsi idi. Bu gün Təhsil Nazirliyi bu sahədə böyük işlər
görüb. Ona görə də qanunvericilik bazasının daha da möhkəmləndirilməsi
üçün belə bir qanunun işlənməsinə ehtiyac var idi".
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva
"modern.az"a deyib ki, bağçaların Təhsil Nazirliyinə qaytarılması daha
səmərəli ola bilər. "Məktəbəqədər təhsil müəssisələri ilə bağlı aparılan
siyasət ürəkaçandır. Bilirik ki, uzun illər bu müəssisə Təhsil
Nazirliyinin tabeliyində olub. Sonrakı dövrlərdə rayon üzrə icra
hakimiyyətlərinə verildi. Hər halda, bunun da səbəbləri vardı. Əgər
söhbət təhsildən gedirsə və bir müəssisənin adının qarşısında "təhsil"
ifadəsi səslənirsə, bu, birbaşa Təhsil Nazirliyinin və əlaqədar
təşkilatın məşğul olacağı bir məsələdir" deyən deputat hesab edir ki,
əlaqədar qurum daha effektli, daha səmərəli işləyə bilər. Onun sözlərinə
görə, söhbət təhsildən gedirsə, təhsil işçiləri təlimçilər,
maarifçilər bu sahədə işləsələr, uşaqlarla məşğul olsalar, daha yaxşı
olar. "Bu baxımdan o fikirdəyəm ki, bu müəssisələr yenidən Təhsil
Nazirliyinə qaytarılmalıdır".
Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının "ekspress"ə
bildirdiyinə görə, məktəbəqədər təhsil müəssisələri ikili
tabeçilikdədir: "Həm İcra hakimiyyətinə, həm də Təhsil Nazirliyinə
tabedir. Hər hansı bir rəhbər işçi təyin olunanda bunlardan biri
təqdimat verir, biri də təsdiq edir" deyən Zülfüqarlı bildirib ki,
məktəbəqədər təhsil müəssisələrinin birbaşa Təhsil Nazirliyinə tabe
olması və bütün səlahiyyətlərin Təhsil Nazirliyinə verilməsi müsbət
haldır. Dediyinə görə, bunun nəticəsində Təhsil Nazirliyi məktəbəqədər
təhsil müəssisələrinə həm metodiki, həm də elmi kömək edə bilər. Həm də
məktəbəqədər təhislə oranı mütəxəssislə təmin etməklə də kömək edə
bilər.
Dövlət məktəbəqədər təhsil müəssisələri ilə yanaşı özəl məktəbəqədər təhsil müəssisələrinin də fəaliyyət göstərdiyini deyən müsahibimizin sözlərinə görə, Təhsil Nazirliyinin bu sahəyə də nəzarəti var. Ekspert hesab edir ki, sertifikat verilməsi və s. məsələlər də Təhsil Nazirliyinə verilsə, bir mərkəzdən idarə olunar və nəticə də göz qabağında olar.
Dediyinə görə, gələcəkdə uşaqların yaxşı təhsil alması dövlətçilik üçün mühüm işlərdən biridir: "Ona görə də birinci növbədə uşaq bağçalarına və məktəbəqədər təhsil müəssisələrinə qayğı ilə yanaşılmalıdır. Onda müsbət nəticələr ola bilər. Xarici dövlətlərin böyük şəhərlərində qərb standartlarına uyğun məktəbəqədər təhsil müəssisələri var. Xüsusilə də, özəl".
M.Zülfüqarlıya görə, dövlət məktəbəqədər təhsil müəssisələrində tədirisin keyfiyyətini yüksəltmək üçün birinci növbədə burada işləyənlərin maaşı yüksək olmalıdır ki, müəllimlər uşaqları daha həvəslə öyrətsinlər, onlara daha çox qayğı ilə yanaşsınlar: "Dövlət məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilməlidir. Özəl məktəbəqədər təhsil müəssisələrindəsə aylıq ödəniş elə məbləğdə olmalıdır ki, Azərbaycan ailəsinin buna imkanı çatsın. Bu sahədə islahatlar aparılsa, onda məktəbəqədər təhsil müəssisələrindən keyfiyyətli təhsil gözləmək olar. Məktəbəqədər təhsil müəssisələrində tədrisin səviyyəsi yüksək olarsa, uşaqlar bu müəssisələri bitirib orta məktəblərə girərkən təhsillərində yaxşı nəticə göstərə bilərlər".
Müsahibimiz hesab edir ki, özəl sektor dövlət məktəbəqədər təhsil müəssisələrini üstələyir. Onun sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisələrinə diqqət artırılsa, bu müəssisələrin reytinqi güclənər: "Maddi-texniki baza, əmək haqqı zəif olanda, bunu hamı qəbul edir ki, orada yüksək keyfiyyət gözləmək olmaz".