"Universitetlərin regionlarda fəaliyyət göstərməsi həm tələblərin üzləşdiyi müəyyən problemlərin həllinə, həm Bakıda sıxlığın aradan qalxmasına, həm də regionun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin Regional Məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyib. O, qeyd edib ki, bir çox dövlət qurumlarının, universitetlərin regionlara köçürülməsi cəmiyyətin tələbidir:
"Dövlət qurumlarının, ali təhsil ocaqlarının Bakıətrafı qəsəbələrə köçürülməsi müsbət addım olardı. Xarici təcrübəyə əsaslanıb deyə bilərəm ki, bir çox ölkələrdə böyük istehsal müəssisələrinin çoxu kənd ərazilərində fəaliyyət göstərir. Azərbaycanda da belə bir addımın atılması, kəndin mədəni həyatına, əhalisinin sosial rifahına müsbət təsir göstərə bilər. Bir çox dövlət qurumlarının, universitetlərin regionlara köçürülməsi cəmiyyətin tələbidir. Elə kolleclər, universitetlər var ki, orada təhsil alanların çoxu regionlardan olan gənclərdir. Bu universitetlərin elə regionda fəaliyyət göstərməsi həm tələblərin rahatlığının təmin olunmasına, həm Bakıda sıxlığın aradan qalxmasına, həm də regionun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Millət vəkili nazirliklərin və komitələrin köçürülməsi məsələsinə də toxunub: "Əksər nazirliklər, dövlət komitələri, hətta, mədəni-maarif müəssilərinin çoxu paytaxtda yerləşir. Mən belə müəssisələrin də Bakıətrafı qəsəbələrə paylanmasının tərəfdarıyam. Misalçün, bir neçə institutu Mərdəkana köçürmək olar. Nazirliklərin də bəziləri Bakı ətrafı qəsəbələrə köçürülə bilər. Kənd təsərrüfatı ilə məşğul olan nazirliyin kənd təsərrüfatı rayonlarının birində olması bu sahənin inkişafına daha çox dəstək vermiş olar. Bakıda çox ciddi sıxlıq yaranıb. Bu ekoloji və nəqliyyat problemlərinin yaranmasına səbəb olur. Köçürülmə ilə bağlı məsələ dövlət səviyyəsində qaldırılıb. Buna mütəxəssislər də reaksiya veriblər ki, belə bir addımın atılması müsbət nəticələrə səbəb olar.
Həsən Babayev