Lənkəran rayonunun Daşdatük kəndində kütləvi zəhərlənməyə səbəb olan sudan götürülmüş nümunələrin müayinə nəticələri artıq bəlli olub.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə bu haqda açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib ki, su mənbələrindən götürülmüş nümunələrin laboratoriya nəticələrinə görə, bulağa çəkilmiş ikinci su xəttinin suyunda salmonellosis xəstəliyinin törədicisi olan salmonella bakteriyaları aşkarlanıb: " Görünür ki, sakinlər də salmonella bakteriyaları ilə çirklənmiş sudan istifadə etməklə zəhərləniblər. Xəstələrdən qusuntu, nəcis nümunələri, eyni zamanda su mənbələrindən ayrı-ayrılıqda nümunələr götürülmüşdü ki, onların da müayinəsi hələ aparılır.
İ.Abdulllayev deyib ki, kəndin su təchizatını təmin edən birinci bulağa ikinci bulaq da qoşulub. İkinci bulağın götürüldüyü yer bataqlıq bir yerdir və açıq su hövzəsi hesab olunur. Bu su da təhlükəli sudur. Yağışlar da yağdığında ikinci su xəttinin suyu birinci su xəttinin suyu ilə qarışıb və kəndə bulanıq su gəlib. Əhali də bilmədə istifadə ediblər. İlkin ehtimala görə, əhali arasında salmonella xəstəliyi ola bilər.
Xatırladaq ki, Lənkəran rayonunun Daşdatük kəndində sudan kütləvi zəhərlənmə baş vermişdi. Həmin sudan daha çox uşaqlar istifadə etdiyinə görə zəhərlənənlər arasında uşaqlar çoxluq təşkil edib. Zəhərlənənlərin yalnız 4-5 nəfəri böyüklər, qalanları uşaq olub.
Əllidən çox şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya gətirilib və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edək ki, hadisə baş verəndən sonra bulağa qoşulan əlavə su xətti ayrılıb və insanların istifadəsi üçün qadağan edilib.