Unikal.org filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın "Çəkilin yolumdan, çəkilin!" şeirini təqdim edir:

Məni məndən alanlar
Yolumda qanqal olanlar,
Məni, mənə qisqananlar
Çəkilin yolumdan mənim.

Bir fağırın balasıydım
Tanrı söz demək öyrətdi.
Çayırın, otun içindən
Çiçək donunda göyərtdi.

Dağla, daşla danışmağı
Yollara yoldaş olmağı,
Qanda yaddaş daşımağı,
Mələklər öyrətdi mənə.

Əl saxla, qardaş dediyim
Öldürün, atmayın məni.
Bir ovuc yurd torpağıyam,
Dərdinizə qatın məni.
Qılıncın qından sıyıran
Min yerə bölüb doymayan,
Fələyin sayın saymayan
Doğmanam tanımadın məni.

Unutqanlıq ağır dərdmiş
Dost bildiyim düşmənimmiş,
Məni torpaq dərdi əymiş
Qaldırın, qaldırın məni.

Ay gedən nədi köçündə?
Min mən, bir mənin içində
Dərdim var Şuşa biçimdə
Dardayam, atmayın məni.

Süd qaymağından yuxayam
Bir acı sözdən yıxıllam.
Əvvəlmiyəm, axırmıyam
Siz Sayın, sanayın məni.

Xırda-yekə Ad adamlar
Dost adamlar, yad adamlar,
Yeri, göyü yaradan var
Danmayın, danmayın məni.