Sentyabrın 9-dan 15-ə qədər həm Qurban bayramı, həm də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.
Unikal.org-un məlumatına görə, bu barədə AzVision.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbətçi rəisi Məhəmməd Abdullayev deyib. O qeyd edib ki, hazırda Avtovağzalda sıxlıq müşahidə edilmir.
"Sıxlıq olarsa, əlavə ehtiyat avtobusları xəttə buraxmağa hazırıq. Hazırda 200 avtobusu ehtiyat üçün ayırmışıq. Lakin rayonlara gedən insanların sayı azdır. Çünki dərs ilinin açılmasına sayılı günlər qalıb, valideynlər və tələbələr məktəbə hazırlaşırlar. Həm də tələbələr rayonlarda olduğu üçün Bakıdan bölgələrə gedənlərin sayı o qədər də çox deyil.
Bu səbəbdən sərnişinlərin sayında artım qeydə alınmayıb. Avtovağzal adi günlərdə olduğu kimi fəaliyyətini davam etdirir. Bu gün günortadan sonra, sabah sıxlıq olarsa, biz əlavə avtobuslarımızı ayırmağa hazırıq, - deyə növbətçi rəis vurğulayıb.
Onun sözlərinə görə, ötən illə müqayisədə Qurban bayramı günlərində Bakı Beynəlxalq Avtovağzalından rayonlara gedən sərnişinlərin sayında azalma var.