Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.
Bu barədə Unikal.org-a BDYPİ-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, həftə sonu və müqəddəs Qurban bayramı ilə əlaqədar bölgələrə və bölgələrdən paytaxt istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə olunur:
"Sürücülər bu günlər ərzində son dərəcə diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Xüsusən qaranlıqda yola çıxanlardan xahiş olunur ki, yorğun və yuxulu olarkən sükan arxasına keçməsinlər. Yolboylu yuxu və yorğunluq hiss etdikdə Dövlət Yol Polisinin istənilən stasionar postunda avtomobili saxlayıb qısamüddətli istirahət etmək mümkündür. DYP xüsusi olaraq sürücülərin diqqətinə çatdırır ki, qaranlıqda yol hərəkətinin digər iştirakçılarının diqqətini yayındarmamaq və qəza şəraiti yaratmamaq üçün işıq cihazlarından düzgün istifadə etmək lazımdır. İşıqlandırılmayan yollarda qarşıdan gələn nəqliyyat vasitəsinə 150 metr qalmış uzaq işıqları yaxın işıqlara keçirməyi unutmayın. İşıqlandırılan yollarda isə uzaq işıqlardan istifadə qəti qadağandır".
BDYPİ xüsusilə sürücülərdən yol və hava şəratini nəzərə almağı, ərazidəki sürət həddinə əməl etməyi, ötmə-manevr qaydalarını pozmamağı tövsiyə edir: "Qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmaq və digər bu kimi hallar ağır nəticələrə səbəb ola bilər. Dövlət Yol Polisi xatırladır ki, son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz sürət həddininin aşılması, ötmə-manevr qaydalarının pozulması və qarşı yola çıxılması ucbatından baş verir".