Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən, rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil bildirib ki, R.Səfərov bu gün səhər saatlarında Lənkəran rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerindən 1 saylı Bakı İstintaq Təcridxanasına gətirilib və hazırda orada saxlanılır. Vəkil hələlik müvəkkili ilə görüşmədiyini bildirib.
Qeyd edək ki, Baş Prokurorluğun bir müddət əvvəl yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksinin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi və o azadlığa buraxıldı.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.