Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yolun ortasında kanalizasiya quyusunun ağzı günlərdir açıq vəziyyətdədir. Bu isə sürücülər üçün böyük təhlükəyə çevrilib. Sakinlərin sözlərinə görə, həmin quyuya bir neçə dəfə avtomobil düşüb.

Unikal.org Xezerxeber-ə istinadən xəbər verir ki, avtomobillərin intensiv və sürətlə hərəkət etdiyi yoldakı kanalizasiya quyusunun ağzı açıqdır. Ətrafda isə real təhlükə ilə bağlı heç bir yol nişan qoyulmayıb. Hər hansı bir sürücünün ani diqqətsizliyi böyük faciəyə səbəb ola bilər.

Kadrlar paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsindəndir. Yolda olan kanalizasiya quyusunun qapağı təmir məqsədilə bir neçə gün əvvəl açılsa da, hələ də yerinə qoyulmayıb.

Nəqliyyat eksperti Azər Allahverənov deyir ki, bu, birbaşa qayda pozuntusudur. Onun sözlərinə görə, təmir işləri aparıldıqdan dərhal sonra kanalizasiya qapağı yerinə qoyulmalıdır.

Ekspertin deyir ki, əgər hər hansı bir avtomobil həmin quyuya düşərsə və əzilərsə, sürücü avtomobilə dəymiş ziyanı aidiyyatı quruma ödətdirə bilər. Bunun üçün sürücü əraziyə dərhal polis əməkdaşlarını çağırmalıdır.

Məsələ ilə bağlı isə ''Azərsu'' Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, belə hallara şahid olan sakinlər 955 qaynar xəttinə zəng edərək məlumat versinlər.