Hesab edirəm ki, hazırkı proses bir sınaqdır və bu, davam edəcək. Söhbət xalqın idarəetmə sistemi prosesinə cəlb edilməsindən gedir ki, Prezident İlham Əliyev də məhz bu prinsiplə hərəkət edərək islahatlar və struktur dəyişikliklərini davam etdirəcək.
Unikal.org-un məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ölkənin siyasi sistemini çox ciddi dəyişikliklər gözləyir:

"Belə ki, Nazirlər Kabinetinin birbaşa Prezident Aparatına birləşdirilməsi ilə idarəetmədə paralellik bir növ aradan qalxacaq. Gələcəkdə baş nazir və baş nazirin müavinləri vəzifələri ləğv edilərək, onların yerinə vitse-prezidentlik institutu təsis ediləcək. Ölkə başçısının bu daxili siyasəti nəticəsində idarəetmə sistemi daha çevik və dinamik olacaq, boşluqlar aradan qalxacaq. Yeni sistemlə idarəetmə prosesində bu və ya digər vəzifə daha qısa zamanda icra ediləcək. Bundan başqa, idarəetmədə bir sıra sahələrin ASAN-laşması məsələsi də hazırda gündəmdir. Bu, özbaşınalıq və bir sıra mənfi halların minimuma endirilməsi üçün çox böyük rol oynayacaq. Bürokratik aparat daha yığcam, işgüzar və çevik olacaq.
Q.Hüseynli prezidentin apardığı siyasət nəticəsində referendumdan sonra hökumətin fəaliyyətində sözün əsil mənasında məqsədləri aydın olan bir idarəçilik sisteminin bərqərar olacağını deyib:
"Bu zəmin üzərində idarəetmə aparatının insanlarla yaxınlaşması prosesi intensivləşəcək. Bununla bağlı mühüm dəyişikliklər gözlənilir. Yəni xalq-dövlət əlaqələrinin dərinləşməsi nəticəsində bələdiyyələr, QHT-lər, vətəndaş cəmiyyətləri vasitəsilə xalqın idarəetməyə cəlb edilməsi prosesi sürətlənəcək. Beləliklə, dövləti idarə işləri xalqın fəal iştirakı ilə birgə müşayiət olunacaq. Bir sözlə, konstitusiya dəyişiklikləri Azərbaycan idarəçilik sistemini yeni dünya standartları səviyyəsinə qaldıracaq. Hesab edirəm ki, hazırkı proses bir sınaqdır və bu, davam edəcək. Söhbət xalqın idarəetmə sistemi prosesinə cəlb edilməsindən gedir ki, Prezident İlham Əliyev də məhz bu prinsiplə hərəkət edərək islahatlar və struktur dəyişikliklərini davam etdirəcək".