Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşüb.
Unikal.org-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov Azərbaycanın Cənubi və Mərkəzi Amerika regionu ölkələri ilə münasibətlərə xüsusi önəm verdiyini, bu xüsusda, Azərbaycanın Kosta-Rika ilə də əməkdaşlıqda maraqlı olduğunu bildirib. Kosta-Rikalı nazirin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edərək, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib.
Manuel Qonsales Sanz ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın genişdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olunub