Milli Şuranın sentyabrın 11 və 17-də, Müsavat Partiyasının sentyabrın 18-də keçirilən mitinqlərində azsaylı iştirakçılar arasında radikal dindarların, daha doğrusu İslam dini pərdəsi arxasında müəyyən qanunsuz fəaliyyətlərinə görə həbs olunmuş şəxslərin tərəfdarlarının yer alması xüsusi diqqət cəlb edən məqamlardan idi.

Bu gün radikal dindarlara qucaq açan əbədi müxalifətçilər və onları istiqamətləndirənlərin, görəsən, bu addımı atmağa sövq edən nədir?

Bu aksiyalarda qonşu ölkəyə bağlılığı şübhə doğurmayan radikal "Müsəlman Birliyi"nin sədri Taleh Bağırzadə və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11və 17 sentyabr mitinqlərinə qoşulması, Müsavatın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi sabitliyi pozmaq planında bəzi qonşu və digər ölkələrin də yer aldığını sübut edir. Hətta vəziyyət o həddə gəlib çatıb ki, bu mitinqlərdə dünyanın hər yerində terror qruplaşması kimi qəbul edilən və törətdikləri qətllərə, qəddarlıqlarına görə, demək olar ki, uşaqdan böyüyə hamının nifrət etidiyi "İŞİD"in də bayrağı qaldırılır... (?)

Açıq-aydın görünür ki, Azərbaycanın inkişafını istəməyən bəzi xarici dairələr dövlətçiliyimiz əleyhinə geniş miqyaslı hücuma keçiblər. Bu məqsədlə də daxildəki qüvvələrdən istifadə edərək referendum öncəsi ölkədəki sabitliyi pozmaq niyyətindədirlər.

Bir şeyi də nəzərdən qaçırmayaq ki, radikal müxalifətin "öndərlər"i Qərb ölkələrinin səfirliklərinə çağırılaraq təlimatlandırıldıqdan sonra mitinqlər barədə qərar verdilər.

Bunun üçün Cəmil Həsənlinin Strasburqa səfərini, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkilində, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ Konqresində Azərbaycana qarşı dinləmələrdə iştirak etməsi bəzi Qərb dairələrinin Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün ciddi şəkildə yenidən hərəkətə keçdiyini sübut edir.

Maraqlıdır ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən kütləvi informasiya vasitələri bu işdə xüsusi canfəşanlıq nümayiş etdirir. Onlar artıq bütün qanunvericilik tələblərini, hətta özlərinin nizamnamələrini kobud şəkildə pozaraq aksiyaların az qala həm təbliğatçısı, həm də təşkilatçısına çevriliblər. Bu məqsədlə də aksiyalardancanlı yayımlar edir, iştirakçılardan müsahibələr alıb yayımlayır, sosial şəbəkələrdə aktiv müzakirələr təşkil edərək dövlətə və hakimiyyətə qarşı antipatiya və nifrət hissi yaratmağa çalışırlar.

Onların fikrincə, Azərbaycan antidemokratik ölkədir və bu ölkədədemokratiyanın bərqərar olması üçün mütləq ABŞ-ın və Qərbin müəyyən dairələrinin nəzarəti altında hansısa proseslər həyata keçirilməlidir.

Qeyd edək ki, həmin prosesləri onlar Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Misirdə də həyata keçirməklə xoşbəxt gələcək vəd edirdilər. Bəs nə oldu? Onların dedikəri demokratiya özünü hansı simada göstərdi? İndi bu qüvvələr mitinqlərə cəlb edilmiş dindar kəsimin nümayəndələri ilə Azərbaycanda da eyni qəbildən olan "demokratiya" qurmaq istəyirlər?

La hovlə vəla quvvətə illa-billah.

milli.az