Xəbər verdiyimiz kimi, ötən gün ölkə başçısı İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə qurumun Azərbaycana qarşı tutduğu mövqe ilə bağlı sərt fikirlər səsləndirib. 

Unikal.org bildirir ki, "Qafqazinfo keçirilən görüşdə səsləndirilən fikirlər və bundan sonra Avropa İttifaqı ilə münasibətlərin hansı səviyyədə inkişaf edəcəyi ilə bağlı millət vəkillərindən münasibət öyrənib.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa görüşün böyük əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb: "Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında davamlı olaraq bərabərlik işarəsi qoymaqla Azərbaycana müəyyən məsələlərdə öz diqtəsini qəbul etdirməyə çalışırdı. Ancaq görüntü olaraq demokratiya, tərəfdaşlıq, əməkdaşlıq, insan haqları mövzusunda Azərbaycanın ümummilli maraqlarına uyğun gəlməyən müəyyən məsələlərin həllli istiqamətinə səy göstərirdilər. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sərt mövqeyindən geri çəkilmək üçün düşünülən bir siyasət yeridirdi. Bu görüşdən artıq aydın oldu ki, Avropa İttifaqı həmin bu xətdən imtina etməkdədir. Çünki indiki şərtlər buna imkan vermir. Rusiyanın Krımın işğalından sonra yaranmış situasiya Avropa İttifaqının belə vəziyyətlərə hazır olmadığını və qlobal problemlərin həllində yetişkin bir quruma çevrilmədiyini göstərdi. Rusiya qarşısında nə qədər sanksiyalar tətbiq etsə də prinsipial mövqe sərf edə bilmədiyinə görə Ukraynanı çox ağır vəziyyətdə qoydu. Bu da çox ölkələrin Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmasına təşviq etdi.



Onun sözlərinə görə, Azərbaycan bundan sonra Avropa İttifaqı ilə münasibətləri bərabərhüquqlu şəkildə davam etdirməlidir: "Bizimlə dost olmaq istəyənlərlə dost olmağımız ümumi işin xeyrinədir. Düşmənlərimizin sayını nə qədər azaltsaq, bir o qədər yaxşıdır. Avropa məkanından qorxmamağımız bizim ümumi maraqlarımıza xidmət edir. Prezidentin də bu məsələdə sağlam və düzgün mövqe nümayiş etdirməsi gələcəkdə Avropa İttifaqı ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə əmindir ki, bundan sonra münasibətlərin normallaşması üçün addımlar atılacaq: "Prezidentin haqlı olaraq qeyd etdiyi məsələlər Azərbaycana qarşı aparılan informasiya müharibəsinin bir sıra faktları idi. ATƏT tərəfindən harada imkan oldusa Azərbaycana qarşı zərbə endirilmək, nüfuzuna xələl gətirmək cəhdləri edilirdi. Bu gün də həmin siyasət davam edir. Biz hər zaman buna hazır olmalıyıq. Beynəlxalq təşkilatların, erməni lobbisinin diktəsi ilə bizə qarşı haqsızlıqlar edilirsə, Azərbaycan hamıya müvafiq cavablar verəcək.



Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə problem yoxdur: "Bu ittifaqa daxil olan 8 ölkə ilə Azərbaycanın strateji tərəfdaşlığı var. İttifaq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ən böyük problem Avropa Parlamentinin tutmuş olduğu qərəz, iftiradır. Bu parlament Avropada antiazərbaycan qüvvələrinin ofisinə çevrilib. Bunun da başında Martin Şults və ermənipırəst qüvvələrdən ibarət olan erməni lobbisi dayanır. Azərbaycan qarşı qərəzli fikirlərini deməkdən çəkinmir, usanmır, utanmır. Azərbaycan dövləti də buna görə haqlı olaraq Avropa Parlamenti ilə əməkdaşlığa son qoydu.



F. Ağamalı ötən gün ölkə prezidenti İlham Əliyevlə keçirilən görüşün çox böyük marağa səbəb olduğunu vurğulayıb: "Ölkə prezidenti faktlara söykənərək Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyini nümayəndə heyətinin hər birinin diqqətinə çatdıra bildi. Çox yüksək siyasi etik qaydalara əməl edərək Avopa Parlamentinin iç üzünü açıb göstərdi. Onların da deməyə sözü qalmadı və deyilən fikirlərlə razılaşmalı oldular.