"Təəssüf ki, Venesiya Komissiyası Azərbaycana qarşı ayrıseçkilik ənənəsi nümayiş etdirməkdədir".
Unikal.org-un məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı qərəzli rəyinə münasibət bildirərkən deyib.
F.Ağamalı bildirib ki, Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərin tamamilə yalnış izahını verməyə çalışır:
"Venesiya Komissiyası tərəfindən Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə bağlı iradların söylənilməsi olduqca yersizdir və heç bir hüquqi əsasa malik deyil. Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklik mərkəzi hakimiyyətin fəaliyyətinin çevikliyini təmin etmək məqsədi daşıyır, lakin Venesiya Komissiyası bu yanaşmanı kənara qoyaraq bunun tamamilə yalnış formada izahını verməyə çalışır".
F.Ağamalı vurğulayıb ki, Venesiya Komissiyası tərəfindən bu rəyin verilməsi zaman etibarı ilə gecikdirilib: "Artıq referenduma saylı günlər qalıb. Belə bir vəziyyətdə düşünərək gecikdirilən belə bir rəyin verilməsi Azərbaycana qarşı qərəzli mövqeyin forması kimi izah edilməlidir. Venesiya Komissiyasının referendumun 2 ay müddətində keçirilməsi ilə bağlı iradı da yersizdir. Çünki referendum aktı dərhal Konstitusiya Məhkəməsinə təqdim edilib və Konstitusiya Məhkəməsindən rəy alındıqdan sonra ictimai rəyə təqdim olunub və geniş ictimai müzakirələr açılıb. Bəlli olduğu kimi referendumla bağlı üç təşviqat qrupu yaradılıb və bu təşviqat qruplarının Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınması imkan verir ki, referendum aktı daha geniş şəkildə auditoriyalarda müzakirə olunsun və xalq tərəfindən yetərincə mənimsənilsin. Vətəndaş Cəmiyyəti təşəbbüs qrupunun bir vəkili kimi deyə bilərəm ki, indiyə qədər aparılan müzakirələr zamanı da Azərbaycan xalqının referenduma ciddi marağının olmasının şahidi olmuşuq. Hətta bir ay müddətində belə referendum aktının müzakirə olunması imkanları zaman baxımından da Venesiya Komissiyasının dediklərini tamamilə təkzib edir".
F.Ağamalı əlavə edib ki, Venesiya Komissyasının bu cür qərəzli mövqeyinin məqsədi odur ki, onlar güclü Azərbaycan görmək istəmirlər: "Ancaq onlar öz məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər. Azərbaycan bu cür mövqelərə baxmayaraq öz yolu ilə gedir".