Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci Sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.

Unikal.org- a nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri, terrorizmə qarşı mübarizə və digər qarşılqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Əfqanıstan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə müxtəlif sahələrdə, xüsusilə iqtisadi-ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini vurğuladı. Nazir ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinə toxunaraq, sözügedən layihələrin regional əməkdaşlığa xidmət etdiyini və gələcək perspektivdə Əfqanıstanın da onların imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırdı.

Nazir Səlahəddin Rəbbani iki ölkə arasındakı hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.


Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə də görüşüb

Görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Ölkələrimiz arasında enerji, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı.

Nazirlər Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd etdilər. Bu xüsusda tərəflər üçtərəfli formatda energetika nazirləri və xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin gündəliyini müzakirə etdilər.