Sentyabrın 22-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirərək veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə tanış olublar.
Unikal.org-un xəbərinə görə, tanışlıq mərasimində bildirilib ki, ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Ölkəmiz müxtəlif çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst fəaliyyət göstərməsi üçün yaradılan geniş və hərtərəfli imkanlar baxımından nümunə ola bilər. Azərbaycanda keçirilən həm seçki, həm də referendumda şəffaflığın beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən də geniş istifadə olunur ki, bu da prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır.
Azərbaycanda 2008-ci ildən etibarən uğurla tətbiq olunan və seçki məntəqələrinə fiziki baş çəkmədən, internet üzərindən səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək ümumxalq səsverməsində (referendumda) də davam etdirilir.
Səsvermə günü seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Səsvermə günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.