Dövlət Miqrasiya Xidmətində yeni baş idarə və baş idarənin tərkibində iki idarə yaradılıb.
Unikal.org bildirir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri idarəsi haqqında Əsasnamədə dəyişikliklər edib.
Dəyişikliyə əsasən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri idarəsinin əsasında Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsi yaradılıb. Əgər Vətəndaşlıq məsələləri idarəsinin strukturuna 1 şöbə -Vətəndaşlıq məsələləri şöbəsi daxil olubsa, baş idarənin strukturuna 2 idarə -Vətəndaşlıq məsələlərinin həlli idarəsi və Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsi daxildir. Vətəndaşlıq məsələlərinin araşdırılması idarəsinin tərkibinə 1 şöbə -Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi şöbəsi daxildir.
Ümumilikdə, Vətəndaşlıq məsələləri baş idarəsinin fəaliyyət istiqamətlərinə Azərbaycan vətəndaşlığına qəbul, bərpa və Azərbaycan vətəndaşlığından çıxma ilə bağlı daxil olmuş vəsatətlərə və Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı işlərə baxılmasında iştirak etmək, Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən etmək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir. Buna müvafiq olaraq Baş idarənin vəzifələri sırasına Azərbaycanda yaşayan şəxslərdən Azərbaycan vətəndaşlığına qəbul, bərpa və Azərbaycan vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul etmək, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi istiqamətində işləri aparmaq, Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxslərin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunda nəzərdə tutulmuş qaydada və məzmunda andiçməsini təşkil etmək, Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı işlər üzrə toplanmış sənədlərin və aidiyyəti dövlət orqanlarının rəylərinin baxılmaq üçün məhkəməyə göndərilməsi istiqamətində işləri aparmaq, Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi ilə bağlı daxil olmuş vəsatətləri müvafiq qaydada araşdırmaq və cavablandırılması işini təşkil etmək daxildir.