Sentyabrın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olması və dövlətlərimizin başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratması məmnunluqla qeyd edilib. Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı münasibətlərin güclənməsinə xidmət edən fəaliyyətlərin müzakirə olunduğu görüşdə dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi təhsil və hərbi texniki sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu deyən müdafiə naziri görüşün önəmini vurğulayaraq, bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.

Əlaqələrin inkişafından məmnunluğunu ifadə edən qonaq Belarusun Azərbaycan ilə münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu qeyd edib.
Azərbaycan və Belarus hərbi əməkdaşlığı gücləndirir - FOTO
Az