Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da ümumxalq səsverməsi (referendum) keçiriləcək. Seçicilər referendumda 29 dəyişikliyə "hə" və ya "yox" deyəcəklər.
Dəyişiklər arasında prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsi və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılması da var.
Təklif olunan dəyişiklər arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da mövcuddur. Seçicilər nəzərdə tutulan dəyişikliyə münasibət bildirməsə (heç bir kvadrata X işarəsi qoymasa, və ya hər ikisinə işarə qoysa), həmin hissə üzrə səs etibarsız sayılır.
Bəs sənət adamları referendum haqda nə düşünür? Onlar səsvermədə iştirak edəcəklər?
Unikal.org bildirir ki, musavat.com sənət adamları arasında sorğu keçirib və onların referendum haqqında fikirlərini öyrənib.
Günay İbrahimli bildirib ki, səsvermədə iştirak edəcək: "Ölkə gündəmini daim izləməyə çalışıram. Prezidentimiz referendumla bağlı sərəncam imzalayıb, bunun vacibliyini bildiribsə, bizə də iştirak etmək düşər. Səsverməyə gedəcəyəm. Vətənini sevən biri olaraq, ölkə üçün faydalı olacaq hər işə razıyam. Sevənlərimi də səsvermədə iştirak etməyə səsləyirəm".
Müğənni Ayaz Qasımov referendumu dəstəklədiyini deyir: "Mən prezidentimizin siyasətini dəstəkləyirəm, doğrusunu o bilir. Əgər referendumun keçirilməsinə ehtiyac varsa, niyə də olmasın? Ölkəmizin xeyrinə olan hər addımı dəstəkləyirəm".
Müğənni Eldar Qasımov isə insanları səsverməyə səsləyir: "Referendumun keçirilməsi yaxşı haldır. İstərdim ki, insanlar gedib səsvermə hüququndan istifadə etsinlər. Sosial şəbəkələrdə referendumla bağlı çoxlu videolar qarşıma çıxıb. Şəbəkələr artıq insanlara daha tez təsir edir, onları yönləndirir. Ölkəmizin adı ilə bağlı önəmli hər tədbirdə iştirak edirəm. Sevinirəm ki, mən seçilənlərdənəm. Referendumla bağlı isə onu deyə bilərəm ki, insanlar səs versinlər, hüquqlarından istifadə etsinlər".
Müğənni Elton Hüseynəliyev referendumun ölkənin xeyrinə olduğunu düşünür: "Yeni Azərbaycan Partiyasının Rəyasət Heyətinin üzvüyəm. Prezidentimizin uğurlu siyasəti nəticəsində bu gün sülh və əmin-amanlıq içərisində gözəl ölkədə yaşayırıq. Referendumun ölkəmizin xeyrinə olduğunu düşünürəm. Hamı kimi mənim də arzum gözəl və firavan günlər görməkdir. Ölkədə səsvermə varsa, iştirak edəcəyik".
Teleaparıcı Samir Bayramlı da referendumda iştirak edəcək: "Mən prezidentimizi sevirəm və onu dəstəkləyirəm. Bizdə insanlar düşünürlər ki, prezidenti sevmək və dəstəkləmək qorxudan, yaltaqlıqdan irəli gəlir. Bu yanlış fikirdir. Mən vətəndaşam, prezidentimizə qarşı içimdə hörmət və sevgi var. Bunu kiməsə xoş gəlmək üçün etmirəm. Referenduma gəldikdə isə yaşım çatdığı müddətdən seçkilərdə iştirak etmişəm. Əsasən, prezident seçkilərində səsimi vermişəm. Referendumla bağlı fikirlərim müsbətdir. İnsanları səsverməyə səsləyirəm".
Qeyd edək ki, referendum günü seçki məntəqələri 08:00-dan açıq olacaq. 19:00-da səs vermək üçün seçicilərin seçki məntəqələrinə daxil olma prosesi başa çatmış elan ediləcək.