"Azərbaycanda seçicilərin ümumxalq səsverməsi (referendum) üçün hər cür şərait yaradılıb".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, Rusiya Federal Məclisi Federasiya Şurası sədr müavini İlyas Umaxanov deyib.
"Referenduma hazırlığın gedişini çox yüksək səviyyədə həyata keçirilmiş hesab etmək olar. Tam aydın görünür ki, Azərbaycan xalqın iradəsinin ifadəsinə yüksək səviyyədə hazırdır", - deyə İ.Umaxanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu gün Avropa Şurası və bir sıra digər beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş demokratiya və demokratik prosedurların ən yüksək standartlarına riayət edir.
MDB PA müşahidə missiyasının rəhbəri insanların konstitusiya hüququndan istifadə etməsi üçün hər cür şəraitin yaradıldığını əlavə edib.
"Tam əminəm ki, çox yüksək seçici fəallığı olacaq. Vətəndaşların Azərbaycan cəmiyyətinin demokratik əsaslarının möhkəmləndirilməsinə yönəlmiş dəyişikliklərdən yana səs verməsi üçün hər cür şərait yaradılıb", - İ.Umaxanov.
"Azərbaycan Respublikasının Konstitusiyasındakı bu dəyişikliklər cəmiyyətin inkişafı və demokratikləşməsi probleminə diqqət ayırmağa əsas verir. Bütün bunlar bir sıra həyasız və ikiüzlü ölkələrin müstəqil dövlətlərin suveren işlərinə müdaxiləsi fonunda baş verir. Bunun fonunda Azərbaycan üstün durumda görünür", - deyə o əlavə edib.