"Azərbaycanda referendum xalqın demokratik iradəsini tam əks etdirir".
Unikal.org bildirir ki, bunu Trend-ə Türkiyə parlamentinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib.
Onun sözlərinə görə, səsvermə zamanı heç bir pozuntu aşkar olunmayıb.
N.Ünüvar qeyd edib ki, dövlət şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri tədbirləri görüb.
Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.
Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.