Türkiyə hökuməti FETÖ ilə əlaqədə şübhəli bilinən və Almaniyaya qaçan vəkillər Zekeriya Öz və Celal Karanın təhvil verilməsini tələb edib.
Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, haqlarında saxlanılma qərarı verildikdən sonra Türkiyəni tərk edən vəkillərin Almaniyanın Frayburq şəhərində olduqları məlum olub. Bundan sonra Türkiyənin Berlindəki səfirinin vasitəsiylə Almaniya Xarici işlər Nazirliyinə nota göndərilib.
Notada həmin şəxslərin Frayburqda olduqlarına dair iddiaların araşdırılması, şübhəlilərin qaldıqları yerlər müəyyən edildikdən sonra saxlanılaraq Türkiyəyə təhvil verilməsi tələb olunub.
Xatırladaq ki, Türkiyə bundan öncə də Almaniyaya bu məsələ ilə bağlı nota göndərmişdi. Lakin alman hökuməti bu mövzuyla bağlı hər hansı məlumatları olmadıqlarını vurğulamışdı.
Almaniyaya ikinci dəfə göndərilən notaya hələ ki, rəsmi cavab gəlməyib.