Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

Unikal.org xəbər verir ki, Sahil küçəsinin yenidən qurulması son illərdə Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Yenidən qurulan Sahil küçəsi Sumqayıtın yol-nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.



Prezident İlham Əliyevə küçənin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, burada yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda aparılıb. Küçənin uzunluğu 7,5 kilometrdir. Mövcud yol 1980-ci illərin əvvəllərində salınıb. Burada təmir-tikinti işlərinə ötən ilin noyabrında başlanılıb. Yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırılıb. Yolun 4 min metrinə "Azəryoltikinti ASC, 3500 metrinə isə daxili imkanlar hesabına asfalt örtüyü döşənib.



Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikilərək aqlay daşlarla üzlənib. Küçədə yerləşən obyektlər təmir olunub, yolboyu işıqlandırma sistemi yenidən qurulub. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq velosiped sürmək üçün xüsusi hərəkət zolağı salınıb. Sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsdi.


Məlumat verildi ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb.

Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır.


Bildirildi ki, burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb.

Qeyd olundu ki, bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, uşaqlar üçün 10 attraksion quraşdırılıb.


Diqqətə çatdırıldı ki, 12 hektar sahəsi olan çimərlik zonasında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var. Sahil hissədə estakada qurulub və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətinin təmin olunması üçün işlər aparılır. Burada 500-dən çox yeni iş yeri açılacaq. Sumqayıt Bulvarı və Dənizkənarı Parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir.


Bulvarın ərazisində 4,2 kilometr uzunluğunda, 16 metr enində asfalt yol salınıb. Bundan başqa, 4,2 kilometr uzunluğunda istinad divarı tikilib və mərmərlə üzlənib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib.



Unikal.org xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsdi.



Azərbaycan Prezidentinə məlumat verildi ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur.



Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış oldu.

***

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.



Unikal.org xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.



Məlumat verildi ki, Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.



Qeyd edildi ki, Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.

***

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.



Unikal.org xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.



Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.



Məlumat verildi ki, mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb. Tikinti-quraşdırma işləri daxili imkanlar hesabına aparılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir. Burada 25-30 nəfərin işlə təmin olunması nəzərdə tutulub.



Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.