DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları üçün Ermənistan milli komandasının heyəti açıqlanıb. Baş məşqçi Varujan Suikasyan oktyabrın 8-də Rumıniya, 11-də Polşaya qarşı keçirəcəkləri matçlar üçün ölkə xaricində top qovan 13 futbolçuya dəvət göndərib. Lakin onların arasında Yura Movsisyan yoxdur.
Bilənlər bilir, bilməyənlərin diqqətinə çatdıraq ki, 29 yaşlı forvardın ölkəmizlə bağlılığı var. Bu barədə bir qədər sonra. Əvvəlcə, Movsisyanın millidən kənarda qalmasının səbəbini xatırlayaq. AÇ-2016-nın seçmə mərhələsindəki uğursuzluqdan sonra Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan bəyan etdi ki, onun bu postda olduğu müddətdə Yuraya dəvət göndərilməyəcək: "Yura Movsisyan, Robert Arzumanyan və Qevork Kasparov mənim tələbimlə milliyə dəvət almayıblar. Onlar bir daha bu formanı geyinməyəcəklər. Bu oyunçuların son 2 ildə necə çıxış etdiklərini hamı gördü. Bəli, onlar yüksək futbolçu keyfiyyətlərinə malikdirlər. Amma bu o demək deyil ki, milli komanda onlar üçün əyləncə yeri olmalıdır. Komanda 0:3 hesabı ilə uduzur, onlar gülə-gülə avtobusa otururlar. Səni nə şənləndirir?"
Beləliklə, 2010-cu ildə ABŞ və Ermənistan milli komandaları arasında seçim edərkən milli mənsubiyyətini üstün tutaraq qərar verən forvard indi qapı arxasında qalıb. Onun kənarda qalması ilə bağlı qərarı hər nə qədər Ayrapetyan versə də, əksər soydaşları da Yuradan üz çeviriblər. Hücumçunun yığmanın formasını geyinməyə layiq olmadığını düşünənlər yetərincədir.
***
Əslində, Movsisyanın millidən kənar qalması bizim üçün onun tərcümeyi-halına nəzər salmaq üçün bir bəhanədir. Çünki onun özü və ailəsi ilə bağlı kifayət qədər maraqlı və eyni zamanda qaranlıq məqamlar var, hansı ki, diqqətdən kənar qalıb.
Demək olar ki, bütün qaynaqlarda Yuranın 2 avqust 1987-ci il tarixində Bakıda anadan olduğu, 1999-cu ildə ailəsi ilə birgə Los-Ancelesə köçdüyü qeyd olunub. Futbolçu özü də bütün müsahibələrində bunu təsdiqləyir. Lakin əksər mənbələrdə Movsisyan ailəsinin 1987-1999-cu illər aralığında harada yaşamaları, nə işlə məşğul olmaları barədə məlumat yoxdur. Məsələn, wikipedia.org saytının rus versiyasında Movsisyanın həyatı ilə bağlı 12 yaşından başlayaraq məlumatlar yer alıb. Bildirilir ki, o, Kaliforniyada təhsil aldığı Pasadena orta məktəbinin komandasında futbol oynamağa başlayıb. 2006-cı ildə MLS skautlarının diqqətini çəkən Yura "Kanzas Siti" ilə anlaşıb. Bir il sonra isə "Real Solt-Leyk"ə transfer olunub, 2 mövsüm ərzində 53 oyuna çıxaraq 15 qol vurub, MLS kubokunu qazanıb. Yeri gəlmişkən, bu qələbə münasibəti ilə ABŞ prezidenti Barak Obama komanda üzvlərini Ağ Evdə qonaq edib. Movsisyanın sözlərinə görə, həmin tədbirdə ölkə başçısı ilə zarafat etməyə də macal tapıb.
2009-cu ildə Yura Danimarkaya üz tutub, iki mövsüm "Randers" klubunda çıxış edib: 35 oyun, 17 qol. Ardınca isə, 2 milyon avro qarşılığında Rusiyanın "Krasnodar" klubuna transfer olunan erməni forvard burada bir il keçirir. Bu müddət ərzində onun 50 oyunda 23 qol vurması Moskva "Spartak"ın diqqətini çəkir və yekunda keçid baş tutur. Transfer qiyməti isə 7.5 milyon avro təşkil edir.
2012-ci ildə "Spartak"la 5 illik müqavilə bağlayan hücumçu ilk vaxtlar özünü yaxşı tərəfdən göstərməyi bacarırdı. Lakin tədricən aldığı zədələr, formasındakı eniş onu əsas heyətdən kənarda qoydu. Nəticədə bu ilin yanvarında Movsisyan sabiq klubu "Real Solt-Leyk"ə icarəyə verildi.
Movsisyanın futbolçu karyerası ilə bağlı qısa arayışa bir məqamı da əlavə edərək, keçək bizim üçün maraqlı olan məsələyə - onun şəxsi həyatına. 2010-cu ildən Ermənistan milli komandasına dəvət alan Yura iştirakçısı olduğu 35 oyunda 10 qola imza atıb.
***
Movsisyan ailəsini bizim üçün maraqlı edən əsas məqam onların bakılı olması deyil. Vacib sual budur: Yura Movsisyan həqiqətənmi Bakıda dünyaya gəlib?
Bu ailə barəsində məlumat əldə etmək üçün əsas mənbə onların müsahibələridir. Yura və valideynlərinin müxtəlif vaxtlarda verdikləri müsahibələrdə bir məqam diqqət çəkir - onlar Azərbaycan və Bakı haqda danışmaq istəmirlər, 3-5 sözlə bu mövzudan yayınırlar.
Məsələn, futbolçu özü müsahiblərinin birində belə söyləyir: (http://www.sports.ru/tribuna/blogs/fc/197450.html): "Mən erməniyəm, ancaq heç vaxt Ermənistanda yaşamamışam. Uşaqlığım kifayət qədər çətin keçib - ailədə pul çox az idi. Valideynlərimiz işləyirdilər, bizi təmin etmək üçün hər şey edirdilər. Düşünürəm ki, ABŞ-a köçməyimizin başlıca səbəbi budur - orada həyat xeyli asandır".
Jurnalistin "Siz 1987-ci ilin avqustunda Bakıda doğulmusunuz. Tezliklə isə Dağlıq Qarabağ münaqişəsi başladı. ABŞ-a köçməyinizin əsas səbəbi bu idi?" sualına qısaca olaraq belə cavab verir: "Bəli, bu, münaqişədən də artıq idi, amma siyasət barəsində danışmaq istəmirəm. Baş verənləri xatırlamaq istəmirəm".
Yura başqa bir müsahibədə də oxşar sualı lakonik cavablayır (http://www.sport-express.ru/football/rfpl/news/407455/): "Bakıda doğulmuşam. Uşaq olarkən valideynlərimlə birgə daimi yaşayış üçün ABŞ-a köçdük".
Futbolçunun başqa bir müsahibəsinə nəzər salaq (http://wap.sovsport.ru/gazeta/article-item/545249): Jurnalist: "Niyə biz sizinlə rusca deyil, ingiliscə danışırıq? Axı, siz SSRİ-də doğulmusunuz", - deyə soruşur. "Mən uşaq olanda valideynlərim ABŞ-a köçməyə qərar veriblər. Mənim Azərbaycandakı həyatımla bağlı xatirələrim yoxdur. Ola bilər ki, rus sözlərini bilirmişəm, lakin Amerikaya köçəndən sonra unutmuşam. Krasnodarda sıfırdan öyrənməli oldum".
***
İndi də gəlin tanınmış rusiyalı jurnalist İqor Rabinerin futbolçunun valideynləri - Sergey və Aida Movsisyanlarla geniş söhbətindəki bizim üçün maraqlı olan məqamlara göz gəzdirək (http://www.championat.com/football/article-186915-roditeli-jury-movsisjana--o-syne.html).
Milli.Az fanat.az-a istinadən bildirir ki, Yura 3 övladlı ailənin ortancıl oğludur. Onun özündən böyük Movses və Ovanes adında qardaşları var. Futbolçu çox erkən - 19 yaşında Marianna adlı xanımla evlənib, onların da 3 övladı var.
Müəllif qeyd edir ki, onlar üçün bir tabu var - Bakı mövzusu. "Yaxşı ki, uşaqlar heç nə başa düşmədilər və xatırlamırlar da. Gəlin bunları xatırlamayaq", - valideynlər bir ağızdan söyləyirlər və bu barədə danışmaqdan boyun qaçırırlar.
Aida Movsisyan (Sahakyan) qısaca olaraq bunları əlavə edir: "Əvvəlcə Qarabağda yaşayırdıq, orada bizim böyük oğlumuz dünyaya gəlib". Ardınca atası Sergey əlavə edir: "Sonra Rostova, oradan isə Moskvaya köçdük. Çətin anlar idi. Ailəni dolandırmaq üçün ticarətlə məşğul olurduq. Uşaqlar bütün günü evdə olurdular, həyətə oynamağa çıxmırdılar, çünki biz qorxurduq. Sənədləri uzun müddət qaydasına sala bilmədik, polis hər şey edə bilərdi. Xeyli müddətdən sonra sənədləri rəsmiləşdirmək üçün adam tapdıq. 90-cı illərdə Rusiyada - Rostov və Moskvada yaşan zaman qışda mənfi 20 dərəcə soyuq şaxta olurdu. Onunla böyük qardaşı Movsesi səhər tezdən oyadırdıq ki, qalxın, məşqə gedirik. Minus 20 dərəcədə kross. Nə qədər soyuq olması önəmli deyil - çıx və qaç".
***
Movsisyan ailəsinin tarixçəsində dəqiq olan yalnız bir detal var: onların 1999-cu ildə, futbolçunun 12 yaşı olan zaman ABŞ-a köçmələri. Digər məqamlar isə qaranlıqdır, ailə üzvlərinin fikirlərinin üst-üstə düşmədiyi nüanslar mövcuddur.
Anası Yuradan 2 yaş böyük olduğu Movsesin Qarabağda doğulduğunu söyləyir, lakin konkret şəhər və rayon adı çəkmir. Futbolçu isə 2 il sonra - 1987-ci ildə Bakıda dünyaya gəlib. Sizcə, Azərbaycan Ermənistan münaqişəsinin yenicə alovlanmağa başladığı bir vaxtda erməni ailəsinin Qarabağdan paytaxta yerdəyişmə etməsi nə dərəcədə məntiqlidir? Deyək ki, həqiqətən Bakıya gəliblər, bəs niyə bu barədə danışmaqdan yayınırlar? Paytaxtımızı hansı ildə tərk etdiklərini də söyləmirlər.
Valideynlərin sözündən belə çıxır ki, onlar Bakını tərk edəndən sonra Rusiyaya köçüblər, Rostov və Moskva şəhərlərində yaşayıblar. Onda növbəti sual yaranır: Yura niyə rus dilində bilmirdi? Futbolçu özü söyləyir ki, rus dilini Krasnodarda sıfırdan öyrənməyə başlayıb. Necə olub ki, ailə 1999-cu ilə qədər Rusiyada yaşayıb, amma 1 ildə Danimarka dilini mənimsəyən Yura bu müddətdə rusca danışmağı öyrənməyib?
Əslində, həqiqəti futbolçunun yuxarıda qeyd etdiyimiz müsahibələrindən birində gizlənib: "Bakıda doğulmuşam. Uşaq olarkən valideynlərimlə birgə daimi yaşayış üçün ABŞ-a köçdük. Mənim Azərbaycandakı həyatımla bağlı xatirələrim yoxdur. Ola bilər ki, rus sözlərini bilirmişəm, lakin Amerikaya köçəndən sonra unutmuşam". Diqqət edin, Yura Rusiya haqda, orada nə vaxtsa yaşaması barədə ümumiyyətlə danışmır, Azərbaycandan birbaşa ABŞ-a köçdüklərini ifadə edir. Bu səbəbdən də onun rus dilində bilməməyi normaldır.
Ola bilər ki, Sergey uşaqlarını mənfi 20 dərəcədə kross qaçmağa aparıb, amma bu, Rusiyada baş verməyib. Belə olsaydı, Yura müsahibələrində ən azı bir dəfə daha öncə Rusiyada yaşadığını söyləyər, zəif də olsa rusca bilərdi.
Əsas sualımız hələ də cavabsız qalıb: Yura Movsisyan həqiqətənmi Bakıda dünyaya gəlib?
Bütün məqamları gözdən keçirdikdən sonra belə qənaətə gəldim: Yura da qardaşı Movses kimi Qarabağda doğulub, 1999-cu ilə qədər də orada yaşayıblar. Ola bilər ki, Sergey qazanc üçün müəyyən vaxtlarda Rusiyaya üz tutub, amma ailəsi ilə birgə orada məskunlaşmayıb. Ailənin "bakılı"ya çevrilməsinin səbəbi isə onların ABŞ-a köçməkləri ilə bağlıdır. Movsisyanlar qaçqın kimi okeanın o tayında sığınacaq almaq üçün saxtakarlığa əl atıblar. Rəsmi sənədlərdə özlərini bakılı kimi göstərərək, Azərbaycanda təzyiqə məruz qaldıqlarını əsas gətirib, ABŞ-dan sığınacaq istəyiblər və 1999-cu ildə müsbət cavab alıblar.
Yuranın Azərbaycanda doğulması düzgün məlumatdır. Lakin o, Bakıda deyil, Ermənistanın işğal altında olan Qarabağ torpaqlarında dünyaya gəlib.