Azərbaycanda növbəti dəfə azad, ədalətli və demokratik seçkilər keçirildi. Azərbaycan xalqı gəlib səsvermədə iştirak etdi və referendumda qoyulan məsələlərə münasibət bildirdi.
Unikal.org xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, müşahidəçilərin fikirləri də seçkilərin demokratik şəraitdə keçirildiyini təsdiq edir: "Hər bir seçki məntəqəsində müşahidəçilərimiz müşahidəçi anketini dolduraraq təqdim edib. Biz bunları araşdırmışıq və görmüşük ki, doğrudan da, insanlar bütün məntəqələrə gələrək azad şəkildə referendumda qaldırılan məsələlərə səs veriblər".
Millət vəkili vurğulayıb ki, bəzi dairələr referenduma kölgə salmağa çalışır: "Misal üçün, "Freedom House" təşkilatı bir bəyanat yayıb. Heç bir müşahidəçisi olmadan, heç bir məntəqədə olmadan bəyan edir ki, Azərbaycanda seçki məntəqəsində pozuntular baş verib. Orada olmamısansa, bunu haradan bilirsən?! Milli Şura adlanan dərnək və Əli Kərimlinin dəstəsi yalandan məntəqə düzəldiblər və o məntəqədə özlərinə yaxın olan bir neçə adam gətirib guya qutuya bülleten atırlar. Bütün bunlar araşdırılıb, onların şəxsiyyətləri müəyyən olunub və yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq".