Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb/

Unikal.org xəbər verir ki, görüşdə birinci xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb, bu layihələrin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi üçün ən gözəl vasitə olduğunu bildirib. Mehriban Əliyeva bu yaxınlarda Bolqarıstanın Veliko Tırnova şəhərinə səfərini xatırlayaraq ona şəhərin fəxri vətəndaşı adının verilməsi ilə əlaqədar bir daha minnətdarlığını çatdırıb. Birinci xanım Mehriban Əliyeva təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin önəmini qeyd edib, Heydər Əliyev Fondunun prezidenti kimi bu istiqamətdə layihələrin reallaşdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, Azərbaycan-Bolqarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında həyata keçirilən layihələrin bu münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.


Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova ilə görüşüb.

Birinci xanım Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunub, bu məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb. Mehriban Əliyeva Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, xalqlarımızı sıx qardaşlıq tellərinin bağladığını deyib.

Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrini böyük qələbə kimi dəyərləndirib. Qonaq Azərbaycan-Qazaxıstan münasibətlərindən danışaraq ölkələrimizin beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq qurduqlarını və bir-birlərini hər zaman dəstəklədiklərini diqqətə çatdırıb.

Gülşar Abdıkalikova Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.

Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.


Azərbaycanın birinci xanımı Foruma dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Mehriban Əliyeva Forumun nəticələrinin həyata keçirilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunu millətlərarası əməkdaşlıq üçün gözəl format adlandırıb.

Görüşdə Azərbaycan ilə UNESCO arasında mövcud əlaqələr müzakirə olunub.


Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.

Qonağı ölkəmizdə yenidən görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Forumda iştirakına görə ona təşəkkür edib. ISESCO-Azərbaycan əməkdaşlığının uğurlarından danışan qurumun xoşməramlı səfiri birgə layihələrin, təhsil və mədəniyyət sahələrində əlaqələrin vacibliyini vurğulayıb, müxtəlif ölkələrin mədəni irsinin qorunmasına Azərbaycanın verdiyi töhfələrdən danışıb.

ISESCO-nun baş direktoru Əbdüəziz Osman əl-Tuveycri Foruma dəvətə görə təşəkkür edərək bu tədbirin dünya üçün mühüm məsələlərin müzakirə olunduğu platformaya çevrildiyini bildirib. O, dünya mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıqdan şad olacağını vurğulayıb.