Naxçıvan Muxtar Respublikasında Həsən Əliyev adına Zəngəzur Milli Parkında 2016-cı ilin yay aylarında bəbir balalarının fotoşəkili qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.
Ümumiyyətlə isə mütəxəssislər son 5 ildə Qafqaz bəbirlərinin Azərbaycan ərazisində öz areallarına qayıtması prosesinin intensivləşdiyi qənaətindədir. Buna qədər yeni bəbir fərdlərinin görüntüləri 2012-ci ilin sentyabrında, 2013-cü ilin fevral-mart aylarında, 2014-cü ilin yanvar və 2015-ci ilin noyabr ayında Həsən Əliyev adına Zəngəzur Milli Parkında, 2012-ci ilin oktyabrında və 2013-cü ilin may ayında isə Hirkan Milli Parkında qeydə alınıb. Son illər ərzində Naxçıvan MR-də 7 bəbir müşahidə olunub, onlardan 4-ü erkək, 1-i dişi, 2-si isə baladır.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA beynəlxalq ekoloji kampaniyasının dəstəyi, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birgə həyata keçirilən bəbirlərin populyasiyasının bərpası layihəsi öz nəticələrini verir. Aparılan monitorinqlər nəticəsində bəbirin demək olar ki, ölkədə yaşadığı bütün areallarında fotoşəkilləri çəkilib. Nəticədə ölkənin müxtəlif areallarında bəbirlərin sayında artım müşahidə olunaraq davamlı populyasiyasının yarandığı faktlarla sübuta yetirilib.
Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesi heç də təsadüfi xarakter daşımır. 2000-ci illərin əvvəlinə kimi respublikada bəbirin mövcudluğu barədə ciddi elmi məlumat olmayıb. Lakin son 16 ilin tədqiqatları Azərbaycanda bəbir populyasiyalarını 3 ərazidə Hirkan meşələri, Naxçıvan MR ərazisi və Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda müəyyən etməyə imkan verib.