Dağıstanda yeni "toy qanunları" yayılmaqdadır.

Unikal.org azadliq.org-a istinadən bildirir ki, Dağıstanın bir çox kəndlərində icmalar (camaatlar) toy mərasimlərini xüsusi qaydalarla keçirirlər. "Toy qanunu"nu pozanları məscidlərin xeyrinə cərimələyirlər. Bu yeni qanunun hüquqi əsası yoxdur, amma faktiki olaraq, onu az adam pozur.

"Mərasim bir gündən artıq çəkə bilməz"

Levaşi kəndi də belə kəndlərdəndir. Bu kənddə oğlunu evləndirmək istəyən ailə toy mərasimlərinə öz gəlirindən bir neçə dəfə artıq pul xərcləməli olurdu. İnsanlar uşaqlarına toy edə bilməkdən ötrü böyük borca girirdilər.

Ona görə, Levaşi camaatı toylar ailələri müflis eləməsin deyə, xüsusi qaydalar fikirləşib. Kəndin "toy qanunu"nda göstərilir ki, mərasim bir gündən artıq çəkə bilməz. "Qanun"da hədiyyələrin məbləği də göstərilir: "Bəyin cehizi gəlinlə nişanlanandan etibarən 300 min rublu (4800 dollar) keçə bilməz. Gəlinin cehizi 300 min rublu keçə bilməz". Hədiyyələrin miqdarına xüsusi komissiya nəzarət edir və onların ümumi dəyərini hesablayır. Yalnız qiymətlər qaydaya uyğun olanda, nikaha razılıq verilir.