Gənc Tamaşaçılar Teatrında iki xalq artisti Yasin Qarayev (70) və Ağaxan Salmanlının (75) yubileyləri münasibətilə tamaşa hazırlanır.
Unikal.org xəbər berir ki, tamaşanın rejissoru Ağaxan Salmanlı publika.az-a açıqlamasında bildirib ki, komediya janrında olan səhnə əsəri noyabrda təhvil veriləcək:
"Tamaşa "Açarını itirənlər" adlanır. Güldürən və düşündürən bir tamaşa olacaq. Mən xaricdə başıma tük əkdirməyə gedirəm. Əlinin altında insan tükü olmadığını görən həkim başıma pişik tükü əkir. Olduqca maraqlı və günümüzlə səsləşən tamaşadır. Əhməd Orucoğlunun pyesi əsasında səhnələşdirilir. İndi hamı yazacaq ki, xaricdə başına pişik tükü əkdirən xalq artisti".
Aktyor özündən də danışıb:
"Mənim də başım keçəldir, obrazımdan fərqli olaraq, mən başıma tük əkdirməyin əleyhinəyəm. Bir dəfə dostum Yasin Qarayev mənə dedi ki, başının ortası dazlaşıb, saçını yana dara. Yapışdır, keçəl olduğun bilinməsin. Dedim, heç vaxt, zəhləm gedir saçını elə darayan adamlardan. Külək əsəndə saçın bir tərəfi qalxır, gülməli vəziyyət alınır. Yasin dedi ki, səni sınayırdım, bilirəm ki, sən bunu eləməzsən. Çoxdur efirdə qaşını, bığını, saçını boyayanlar, mənim xoşum gəlmir".