Ağdaş rayonunda baş verən qəzada avtomobil ağaca çırpılıb.

Unikal.org xəbər verir ki, "Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 232-ci km-də Ağdaş rayonunun Xosrov kəndi ərazisindən keçən hssəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Zamin Əjdər oğlu Əlizadə idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə Ağdaş istiqamətində hərəkət edən zaman idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Hariz Nuru oğlu Mehdiyev ağır bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda xəstələrin vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.