Lənkəran şəhər Heydər Əliyev mərkəzində "Yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi mövzusunda zona seminarı keçirilib.

Unikal.org-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası icra katibinin müavini Əli Əkbərli, avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair proqram üzrə mütəxəssis Pərviz Muradov, assosiasiyanın yerli inkişaf layihəsi üzrə mərkəzinin müdiri Füzuli Gülməmmədli və başqaları çıxış edərək yerli bələdiyyələrin büdcələrinin formalaşmasında vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinin vacibliyini vurğulayıblar.

Təqdimatçılar qeyd ediblər ki, bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsi müəyyən problemlər yaradır.

Bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi, yerli vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası tərəfindən internet üzərindən onlayn qaydada bir serverdən idarə olunan avtomatlaşdırılmış məlumat sistemi hazırlanıb.

Avtomatlaşdırılmış məlumat sistemini tətbiq etməklə bələdiyyələr vergi və ödəniş ödəyicilərinin uçota alınmasını, yaşayış və qeyri-yaşayış sahələri, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanmasını, gəlir və xərclərin statistik qaydada dəqiqləşdirilməsini və təhlillərin aparılmasını təmin edəcəklər.

Lənkəranda müşavirə keçirilib -  Fotolar