Fransa Prezidenti Fransua Olland Parisə oktyabrin 19-na nəzərdə tutulan səfərini təxirə salan Vladimir Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu bildirib.

Unikal.org  Azərtac-a istinadən xəbər verir ki, Vladimir Putinin səfəri çərçivəsində fransalı həmkarı ilə danışıqlar aparması, həmçinin Rusiya mədəni-mənəvi mərkəzinin açılışına həsr olunan tədbirlərdə iştirak etməsi gözlənilirdi. Olland isə görüşü yalnız Suriya münaqişəsinin müzakirəsi üçün nəzərdən keçirdiyini etiraf edib.Bununla yanaşı, Fransa lideri yaranmış vəziyyətin müzakirə üçün digər imkanlardan istifadə etməyə maneə olmayacağını deyib və Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl Fransa Prezidenti BMT Təhlükəsizlik Şurasında Suriya məsələsinə dair baş verən fikir ayrılığına görə, Vladimir Putinlə görüşün məqsədə uyğunluğunu şübhə altına almışdı. Sonradan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin Rusiya mədəni-mənəvi mərkəzinin açılışına həsr olunan tədbirlərin proqramdan çıxarıldığı üçün təxirə salındığını bildirib. Bu səbəbdən də Rusiya Prezidenti səfərin Fransa Prezidenti üçün münasib vaxtda reallaşdırıla biləcəyini deyib.