Anasına sataşan kişini öldürməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Əsgər Sultanovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

Unikal.org lent.az-a istinadən bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarı ilə Əsgər Sultanovun şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə keçən il noyabrın 11-də Mehdiabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Təhməz İsmayılov bıçaqla qətlə yetirilib. Polisin apardığı əməliyyat axtarış nəticəsində hadisəni törətmiş 1991-ci il təvəllüdlü Əsgər Sultanov saxlanılıb. Əsgər Sultanov törətdiyi cinayəti etiraf edib. İlkin ifadələrə görə, Təhməz İsmayılov Ə. Sultanovun anasının telefonuna zəng edərək onu narahat edibmiş. Əsgər Sultanov bundan xəbər tutduqdan sonra T. İsmayılovu qəsəbədə olan təkər təmiri servisində tapıb. O, T. İsmayılovun idarə etdiyi avtomobilə minib. Bir qədər yol gedəndən sonra Ə. Sultanov "Digah işıqforu" deyilən yerdə (28 May küçəsində) bıçaqla T. İsmayılova zərbə endirib və hadisə yerini tərk edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən şikayətçi olan Ə. Sultanov apellyasiya şikayəti verib.